Qlobal çağırışların, iqlim dəyişikliklərinin, geosiyasi gərginliklərin və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir dövrdə kənd təsərrüfatı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan sahəyə çevrilib.
Son illərdə dünyada baş verən müharibələr, logistika zəncirlərinin pozulması və ərzaq bazarlarında müşahidə olunan dalğalanmalar göstərir ki, ölkələrin dayanıqlı inkişafı ilk növbədə onların daxili istehsal potensialından və ərzaq təminatı imkanlarından asılıdır.
Bu baxımdan kənd təsərrüfatı artıq yalnız iqtisadi fəaliyyət sahəsi deyil, həm də milli təhlükəsizliyin mühüm tərkib hissəsi hesab olunur.
Azərbaycanda da aqrar sektorun inkişafı, kənd yerlərində məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər ərzində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, fermerlərə göstərilən dövlət dəstəyi, subsidiyalar, güzəştli kreditlər, aqroparkların yaradılması və müxtəlif kənd təsərrüfatı sahələri üzrə qəbul edilmiş dövlət proqramları bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb. Bununla yanaşı, aqrar sahədə yeni çağırışlar və qarşıda duran vəzifələr daha çevik yanaşmaların tətbiqini zəruri edir.
Məhz bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə xüsusi əhəmiyyət daşıyır. Müşavirədə kənd təsərrüfatının mövcud vəziyyəti ətraflı təhlil olunub, sahənin inkişafına mane olan amillər müzakirə edilib, eyni zamanda, 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının əsas hədəfləri müəyyənləşdirilib. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər göstərir ki, qarşıdakı dövrdə aqrar sektorun inkişafı, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə və insanların kəndlərə qayıdışının təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri olacaq.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər, qarşıya qoyulan hədəflər və kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramının perspektivləri cəmiyyətdə geniş maraq doğurub.
Aqrar sektorun gələcək inkişaf istiqamətləri, kəndlərə qayıdışın təşviqi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və özəl investisiyaların artırılması məsələlərini Milli Məclisin deputatları və ekspertlər Oxu24.com-a şərh edərək müşavirənin əhəmiyyətini müxtəlif aspektlərdən dəyərləndiriblər.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı aqrar sektorun gələcək inkişafı üçün mühüm yol xəritəsidir və bu çıxışda çox vacib məsələlər gündəmə gətirilib.

Deputatın sözlərinə görə, müşavirədə kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər və qarşıda duran vəzifələr geniş şəkildə təhlil olunub. Dövlət başçısı bir daha vurğulayıb ki, son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da ciddi təkan verib. Kəndlərin və regionların siması dəyişib, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb, əhalinin kənd yerlərində məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılıb.Bir sıra sahələrdə əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir. Pambıqçılıq, taxılçılıq, üzümçülük, şəkər çuğunduru istehsalı və heyvandarlıq sahələrində əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunur.Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, aqrar sahədə inkişaf dinamikası hələ də qənaətbəxş deyil və bu istiqamətdə daha mühüm tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İlk növbədə, şəhərdən kəndə qayıdış təşviq edilməli, insanların kənd yerlərində məşğulluğuna, işlə təminatına və yaşayış şəraitinin yaxşılaşdırılmasına diqqət artırılmalıdır.
Komitə sədri vurğulayıb ki, kənd təsərrüfatının inkişafında texnoloji yeniliklərin tətbiqi, müasir texnologiyalardan istifadə, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, toxumçuluğun inkişafı, yeni soyuducu anbarların yaradılması, su ehtiyatlarından və digər təbii resurslardan səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Həmçinin gübrə, texnika, su və torpaq resurslarından səmərəli istifadə məhsuldarlığın artırılmasına xidmət edən əsas amillərdəndir.Pambıqçılıq, üzümçülük, tütünçülük və heyvandarlıq kimi sahələr ölkəyə valyuta gətirən strateji istiqamətlərdir. Buna görə də həmin sahələrə diqqət daha da artırılmalı, ixrac potensialı genişləndirilməlidir. Eyni zamanda, idxaldan asılılığın azaldılması və daxili istehsalın artırılması əsas prioritetlərdən biri olmalıdır.Dövlət başçısı müşavirədə xüsusilə buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi məsələsinə diqqət çəkib. Qeyd olunub ki, hazırda taxılçılıqda və pambıqçılıqda əldə olunan məhsuldarlıq göstəricilərinin yaxın illərdə hər hektardan 5 tona çatdırılması qarşıya mühüm hədəf kimi qoyulub.
Heyvandarlıq sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Buraya cins ətlik və südlük heyvanların sayının artırılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və yeni heyvandarlıq komplekslərinin yaradılması daxildir. Bu tədbirlər sahənin inkişafına və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcək.Kənd təsərrüfatında subsidiya mexanizmlərinin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı subsidiyaların daha səmərəli, çevik və nəticəyönümlü şəkildə tətbiq olunmasının vacibliyini vurğulayıb və bununla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Tahir Rzayev bildirib ki, ölkə əhalisinin təxminən yarısının kənd yerlərində yaşaması və ya aqrar sahə ilə bağlı fəaliyyət göstərməsi kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də milli təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Onun sözlərinə görə, müşavirədə məhsulların saxlanılması, emalı, yeni soyuducu anbarların və su anbarlarının yaradılması kimi məsələlər də geniş müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahənin inkişafını təmin etmək üçün yeni dövlət proqramı hazırlanmalı və qısa müddətdə icraya başlanmalıdır.
Komitə sədri xatırladıb ki, elə həmin gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqram aqrar sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və təxminən 6 milyard manata yaxın investisiyanın cəlb olunmasını nəzərdə tutur.Poqramda dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılması, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, innovativ üsullardan istifadə və ixrac potensialının genişləndirilməsi kimi mühüm hədəflər əksini tapıb.
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, rayonların ixtisaslaşması, torpaq analizlərinin aparılması və məhsulların düzgün yerləşdirilməsi gələcək inkişafın əsas istiqamətlərindəndir. Bu gün bir sıra rayonlar artıq pambıqçılıq, üzümçülük və heyvandarlıq üzrə ixtisaslaşıb. Bununla yanaşı, digər məhsulların istehsal imkanlarının da araşdırılması və genişləndirilməsi vacibdir. Torpaqların münbitliyi artırılmalı, dəqiq analizlər aparılmalı və məhsuldarlıq göstəriciləri elmi əsaslarla müəyyən edilməlidir. Hesab edirəm ki, dövlət proqramının uğurla icrası nəticəsində yaxın illərdə Azərbaycanda kənd təsərrüfatı daha sürətlə inkişaf edəcək və qarşıya qoyulan hədəflərə nail olunacaq”, – deyə Tahir Rzayev vurğulayıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Aqrar siyasət komitəsinin üzvü Azər Badamov açıqlamasında bildirib ki, qarşıdakı 4–5 ildə kənd təsərrüfatının bir sıra sahələri daha sürətli nəticə verərək ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə göstərə bilər.

Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının müzakirəsi və qəbulu ilə bağlı keçirilən müşavirədə dövlət başçısı kənd təsərrüfatı sektorunda idxaldan asılılığın azaldılması, daxili istehsalın artırılması və özəl investisiyaların cəlb olunması istiqamətində prioritet sahələri diqqətə çatdırıb.2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatı məhsulları üzrə ölkənin özünütəminetmə səviyyəsini yüksəltmək, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqdır. Proqramda investisiyaların yönəldiləcəyi sahələr və qarşıya qoyulan konkret hədəflər açıq şəkildə müəyyən edilib.
Azər Badamov vurğulayıb ki, əsas hədəflərdən biri torpaqların aqrokimyəvi analizinin aparılması və pasportlaşdırılmasıdır. Bu proses nəticəsində hər bir regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun məhsul növləri müəyyən ediləcək, torpağın münbitlik səviyyəsi və mineral çatışmazlıqları aşkar olunacaq. Bu isə gübrələmə və digər aqrotexniki tədbirlərin daha səmərəli həyata keçirilməsinə imkan verəcək.
Deputatın sözlərinə görə, ikinci mühüm istiqamət istehsal və ixrac strategiyasının hazırlanmasıdır. Burada məqsəd istehsal olunan məhsulların xarici bazarlara çıxışını genişləndirmək, ixrac bazarlarını şaxələndirmək və Azərbaycan məhsullarının beynəlxalq rəqabət qabiliyyətini artırmaqdır.Dövlət Proqramında aqrar sığortanın genişləndirilməsi və fermerlərin risklərdən qorunması da mühüm yer tutur. Aqrar sektor təbii fəlakətlər, iqlim dəyişiklikləri və bazar riskləri baxımından həssas sahə olduğundan, sığorta mexanizmlərinin geniş tətbiqi istehsalın dayanıqlılığını artıracaq.
Azər Badamov diqqətə çatdırıb ki, su təminatının yaxşılaşdırılması məqsədilə proqram çərçivəsində 10 yeni su anbarının tikilməsi və suvarma infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur. Hədəfə əsasən, 2030-cu ilədək innovativ suvarma sistemləri ilə əhatə olunan ərazilərin həcmi 130 min hektardan 300 min hektara çatdırılacaq. Bu isə məhsuldarlığın əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradacaq.Məhsuldarlıq göstəricilərinin artırılması proqramın əsas prioritetlərindəndir. Belə ki, taxıl üzrə orta məhsuldarlığın hektardan 32 sentnerdən 50 sentnerə, pambıq üzrə isə 36 sentnerdən 50 sentnerə çatdırılması planlaşdırılır. Eyni zamanda, istixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara qədər genişləndirilməsi nəzərdə tutulur ki, bu da ilboyu istehsal və ixrac imkanlarını artıracaq.
Onun sözlərinə görə, özəl investisiyaların cəlb olunması proqramın əsas dayaqlarından biridir. Hesablamalara əsasən, 2030-cu ilin sonunadək aqrar sektora 2,2 milyard manat dövlət vəsaiti və 3,7 milyard manat özəl investisiya olmaqla ümumilikdə 5,9 milyard manat investisiyanın yatırılması nəzərdə tutulur. Bu investisiyalar kənd təsərrüfatının modernləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.Proqramın uğurlu icrası həm daxili bazarın yerli məhsullarla təminatını gücləndirəcək, həm də Azərbaycanın ixrac potensialını artıraraq ölkə iqtisadiyyatında kənd təsərrüfatının payının yüksəlməsinə şərait yaradacaq.
Azər Badamov bildirib ki, hazırda ölkədə məşğul əhalinin təxminən 40 faizi aqrar sektorda fəaliyyət göstərir. Dövlət Proqramının icrası yeni istehsal sahələrinin yaradılmasına, mövcud təsərrüfatların genişlənməsinə və nəticə etibarilə məşğulluğun artmasına ciddi təkan verəcək.
Onun sözlərinə görə, proqram çərçivəsində regionların iqtisadi və təbii xüsusiyyətləri nəzərə alınaraq hansı rayonlarda hansı sahələrin inkişaf etdirilməsinin daha məqsədəuyğun olduğu müəyyənləşdirilib. Bu yanaşma hər bir bölgənin üstünlüklərindən səmərəli istifadə etməyə və daha yüksək gəlirlilik əldə etməyə imkan yaradacaq.Subsidiya mexanizmlərinin təkmilləşdirilməsi də mühüm rol oynayacaq. Dövlət dəstəyi konkret məhsullar üzrə ixtisaslaşmanın təşviqinə yönəldildikcə fermerlər daha səmərəli fəaliyyət göstərə biləcəklər.
Azər Badamovun fikrincə, insanların kəndlərə qayıdışının təşviqi baxımından son illərdə kəndlərdə sosial infrastrukturun əhəmiyyətli dərəcədə yenilənməsi mühüm amildir. Bununla yanaşı, kənd əhalisinin asudə vaxtının təşkili, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, torpaq münasibətlərinin təkmilləşdirilməsi və kiçik sahibkarlığın dəstəklənməsi də kənd yerlərinin cəlbediciliyini artıran vacib faktorlar olacaq.
Deputat bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulan əsas vəzifələrdən biri regionların ixtisaslaşmasının daha dəqiq müəyyənləşdirilməsidir. Hər bir bölgənin torpaq, su və iqlim şəraitinə uyğun məhsulların istehsalına üstünlük verilməsi həm məhsuldarlığın, həm də rentabelliyin artmasına xidmət edəcək.Bu proses subsidiyaların daha məqsədyönlü şəkildə tətbiqi vasitəsilə tənzimlənə bilər. Məsələn, pambıqçılıq üzrə subsidiyaların yalnız pambıqçılıq üçün əlverişli rayonlarda tətbiq edildiyi kimi, digər məhsullar üzrə də regionların ixtisaslaşmasına uyğun dəstək mexanizmləri formalaşdırıla bilər.
Azər Badamov vurğulayıb ki, gələcəkdə əsas məqsəd fermerlərin istənilən məhsulu istənilən ərazidə əkməsi deyil, hər bir bölgədə ən yüksək məhsuldarlıq və iqtisadi səmərə verən məhsulların istehsalını təşviq etmək olmalıdır. Bu yanaşma ölkə üzrə orta məhsuldarlığın yüksəlməsinə, istehsal xərclərinin azalmasına və əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın minimuma endirilməsinə imkan verəcək.
Deputatın fikrincə, regionlar üzrə düzgün ixtisaslaşma, müasir texnologiyaların tətbiqi, suvarma infrastrukturunun genişləndirilməsi və investisiyaların artırılması Azərbaycan kənd təsərrüfatının inkişafında yeni mərhələnin əsas hərəkətverici qüvvələri olacaq.
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, son illərdə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən işlər görülsə də, əldə olunan nəticələr mövcud potensial və imkanlarla müqayisədə daha yüksək ola bilərdi.
Ekspertin sözlərinə görə, Azərbaycanın aqrar sektorunun inkişaf səviyyəsini qiymətləndirərkən oxşar təbii-iqlim şəraitinə malik ölkələrin təcrübəsinə də diqqət yetirmək vacibdir:

“Qazaxıstan nümunəsinə baxdıqda görürük ki, son illərdə kənd təsərrüfatında ciddi irəliləyişlər əldə olunub. Onlar bir sıra məhsullar üzrə daxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanlarını da genişləndirə biliblər. Taxılçılıq, kartofçuluq və digər sahələrdə məhsuldarlığın əhəmiyyətli dərəcədə artması bunun göstəricisidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda da mövcud potensialdan daha səmərəli istifadə etmək mümkündür”.
Vahid Məhərrəmli qeyd edib ki, müxtəlif illərdə baramaçılıq, pambıqçılıq, tütünçülük, üzümçülük və digər istiqamətlər üzrə dövlət proqramları qəbul olunub. Lakin bəzi proqramlarda nəzərdə tutulan göstəricilərə tam nail olunmayıb:
“Məsələn, baramaçılığın inkişafı ilə bağlı proqramda müəyyən edilmiş hədəflərlə faktiki nəticələr arasında ciddi fərq müşahidə olunub. Bu da göstərir ki, proqramların icrası zamanı qarşıya qoyulan məqsədlərlə onların həyata keçirilməsi mexanizmləri arasında uyğunluğun daha da gücləndirilməsinə ehtiyac var”.
Ekspert hesab edir ki, aqrar siyasətin uğurlu nəticə verməsi üçün sahə üzrə peşəkar yanaşmanın, elmi əsaslandırılmış qərarların və uzunmüddətli planlaşdırmanın rolu böyükdür:”Kənd təsərrüfatı xüsusi bilik və təcrübə tələb edən sahədir. Buna görə də qəbul edilən qərarların elmi əsaslara söykənməsi, mövcud problemlərin səbəblərinin düzgün müəyyənləşdirilməsi və onların həlli yollarının konkret şəkildə göstərilməsi vacibdir”.
Onun sözlərinə görə, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından hələ də həllini gözləyən məsələləri mövcuddur:“Ərzaqlıq buğda, süd və ət istehsalı istiqamətində daxili təminatın artırılması üçün əlavə tədbirlərə ehtiyac var. Qarşıya qoyulan hədəflər vacibdir, lakin həmin nəticələrə hansı mexanizmlərlə nail olunacağının da aydın şəkildə göstərilməsi önəmlidir”.
Vahid Məhərrəmli toxumçuluq sahəsində mövcud problemlərə də diqqət çəkib. O bildirib ki, məhsuldarlığın artırılması üçün ilk növbədə keyfiyyətli toxum təminatı gücləndirilməli, yerli toxumçuluğun inkişafına daha çox diqqət ayrılmalıdır:“Fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumla təmin olunması məhsuldarlığın yüksəldilməsində əsas amillərdən biridir. Eyni zamanda, bitki xəstəliklərinin qarşısının alınması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir”.
Ekspert torpaq və su ehtiyatlarının idarə olunmasını da aqrar sektorun əsas məsələlərindən biri kimi qiymətləndirib:“Torpaqların münbitliyinin qorunması, deqradasiyanın qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin genişləndirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mühüm şərtlərdir. Suvarma infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin daha detallı şəkildə planlaşdırılması məqsədəuyğun olardı”.
Heyvandarlıq sahəsinə toxunan Vahid Məhərrəmli bildirib ki, məhsuldarlığın artırılması üçün yalnız cins heyvanların gətirilməsi kifayət deyil:“Bu istiqamətdə yem bazasının möhkəmləndirilməsi, fermerlərin maarifləndirilməsi, seleksiya işlərinin gücləndirilməsi və heyvandarlıq təsərrüfatlarında müasir idarəetmə metodlarının tətbiqi vacibdir. Əks halda gözlənilən nəticələri əldə etmək çətinləşir”.
Ekspertin fikrincə, qəbul edilən yeni Dövlət Proqramı kənd təsərrüfatının inkişafı baxımından mühüm sənəddir. Bununla belə, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin daha detallı işlənməsi, icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi və nəticələrin mütəmadi qiymətləndirilməsi qarşıya qoyulan məqsədlərə nail olunmasına müsbət təsir göstərə bilər.
“Əsas məsələ yalnız hədəfləri müəyyənləşdirmək deyil, həmin hədəflərə hansı vasitələr və hansı mərhələlər vasitəsilə çatılacağını dəqiq planlaşdırmaqdır. Bu yanaşma həm dövlət proqramlarının səmərəliliyini artırar, həm də aqrar sektorun inkişafına daha güclü töhfə verər”, – deyə Vahid Məhərrəmli vurğulayıb.
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Oxu24.com-a bildirib ki, Prezident İlham Əliyevin müşavirədə vurğuladığı prioritetlər və Azərbaycanın resurs məhdudiyyətləri nəzərə alındıqda, qarşıdakı 4–5 ildə kənd təsərrüfatının inkişafında əsas məqsəd sadəcə istehsalı artırmaq deyil, hər hektar torpaqdan, hər kubmetr sudan və hər kənd sakininin əməyindən daha çox gəlir əldə etmək olmalıdır. Bu baxımdan perspektiv sahələri beş əsas meyar üzrə qiymətləndirmək mümkündür:


