Azərbaycanda problemlər içində “boğulan” klublar - XƏBƏRİNİZ VAR?

15:00 Araşdırma 188
Azərbaycanda problemlər içində “boğulan” klublar - XƏBƏRİNİZ VAR?

Misli Premyer Liqasında 2025/2026 mövsümünə yekun vuruldu.

10 aylıq uzun və gərgin marafon artıq arxada qaldı.

Mövsümün əvvəlində iki komandaya edilən güzəştlər isə liqanı çətinliklərin gözlədiyinin ilk siqnalları idi.

Ən böyük problemlərdən biri “İmişli”nin ev oyunlarını keçirdiyi Quba Olimpiya Stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması idi.

Düzdür, stadionun paltardəyişmə otaqları, media tribunası, mətbuat konfransı otağı və digər inzibati sahələri “İmişli” rəhbərliyi tərəfindən təmir olunmuşdu.

Təəssüf ki, meydançanın tam şəkildə normal vəziyyətə gətirilməsi üçün kifayət qədər maliyyə vəsaiti tapılmadı. Nə klub, nə də Gənclər və İdman Nazirliyi bu məsuliyyətli işi tam şəkildə öz üzərinə götürdü.

Nəticədə mövsüm ərzində Qubada keçirilən demək olar ki, bütün oyunlardan sonra baş məşqçilərin meydança ilə bağlı narazılıqlarını eşitdik.

Hətta vəziyyət o həddə çatmışdı ki, “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya da açıq şəkildə meydançadan narazılığını bildirirdi.

Digər güzəşt olunan komanda - “Karvan” isə cəmi iki tur doğma meydanından kənarda çıxış etdikdən sonra Yevlaxa qayıtmağı bacardı.

Klub rəhbərliyi Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması üçün verilən tapşırıqları demək olar ki, tam yerinə yetirdi.

Yalnız işıqlandırma sistemi ilə bağlı məsələlər həll olunmadı. “Karvan” Premyer Liqanı tərk etsə də, Azərbaycan futbolu yeni istifadəyə yararlı stadion qazandı.

“Turan Tovuz” da mövsümün böyük hissəsini doğma meydanından uzaqda keçirməyə məcbur oldu.

Uzun müddət aparılan təmir işlərindən sonra isə yüksək keyfiyyətli təbii örtüyə və müasir işıqlandırma sisteminə malik stadion azarkeşlərin və komandanın ixtiyarına verildi.

Hazırda stadionun avrokubok oyunlarına tam hazır vəziyyətə gətirilməsi istiqamətində əlavə işlər davam etdirilir. Ayın sonunda UEFA nümayəndələrinin verəcəyi müsbət rəy əsasında “Turan Tovuz” avrokubok oyunlarını doğma şəhərində keçirə bilər.

Bu isə Tovuz sakinləri üçün böyük hadisə olmaqla yanaşı, bölgədə futbolun inkişafı və insanların asudə vaxtının daha səmərəli təşkili baxımından da mühüm addımdır.

“Kəpəz” də digər mövsümlərdə olduğu kimi, bu mövsümü də doğma şəhərindən kənarda keçirməyə məcbur qaldı.

Lakin artıq bu problem də həll mərhələsindədir və növbəti mövsümdən etibarən komanda rəqiblərini yenidən Gəncədə qəbul edəcək. Bundan əlavə, klubun yeni sponsordan maddi dəstək alacağı da gözlənilir.

“Araz-Naxçıvan” və “İmişli” istisna olmaqla, demək olar ki, növbəti mövsüm Premyer Liqa klublarının əksəriyyətinin infrastruktur problemi olmayacaq.

Premyer Liqaya yüksələn “Şəfa” FK hələlik rəqiblərini Sumqayıtdakı “SOCAR Polymer Arena”da qəbul edəcək.

Bununla yanaşı, klub artıq yeni stadionun tikintisi üçün torpaq sahəsi müəyyənləşdirmək üzrədir və yaxın zamanda inşaat işlərinə başlanılması planlaşdırılır.

Bayıl Arenada da əsaslı təmir işlərinə start verilib. Meydança yüksək keyfiyyətli yeni süni örtüklə əvəz olunur, inzibati otaqlar yenilənir və stadion müasir standartlara uyğunlaşdırılır.

Eyni zamanda Ağsu şəhər stadionunda da Premyer Liqa oyunlarının keçirilməsi üçün təmir işlərinə başlanılıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycan futbolunda infrastruktur istiqamətində ciddi addımlar atılır. Artıq yüksək səviyyəli oyunların təşkili üçün kifayət qədər stadion bazası formalaşır.

Futbolun inkişafının təməlində məhz güclü infrastruktur dayanır. Lakin bununla kifayətlənmək olmaz.

Bundan sonra əsas məqsəd ümumi futbol strategiyasına sadiq qalmaq, təhsilə daha çox önəm vermək, keyfiyyətli akademiyalar yaratmaq və peşəkar futbolçular yetişdirmək olmalıdır.

Bu istiqamətdə bütün futbol ictimaiyyəti birlikdə çalışmalıdır. Azərbaycan futbolunun gələcəyi üçün hər kəs gecə-gündüz əməyini əsirgəməməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti