Avrokubokların püşkatmasının nəticələrinə görə ən güclü rəqibin “Sabah”ın bəxtinə düşdüyünü deyə bilərik.
“Tələbələr” Konfrans Liqasının ikinci təsnifat mərhələsində 111 yaşlı “Makkabi Hayfa” ilə münasibətlərinə aydınlıq gətirəcək.
İsrail təmsilçisinin son 3 ildə avrokubokların qrup mərhələsində iştirak etməsi komandanın gücündən xəbər verir.
“Makkabi” indiyə qədər Azərbaycanın üç fərqli komandaları ilə üz-üzə gəlib ki, ilk cəhddə mərhələni bizimkilər adlayıb, digər ikisində qələbəyə sevinən tərəf yəhudilər olub.
1999/2000 mövsümündə İntertoto kubokunun birinci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan israillilər ilk oyunda doğma azarkeşləri qarşısında Müşfiq Hüseynovun qolları hesabına “köhlən atlar”a 1:2 hesabı ilə məğlub olmuşdu.
Bakıda keçirilən dueldə rəqib 1:0 hesablı qələbəyə sevinsə də, səfər qolları hesabına mərhələni adlayan tərəf “Qarabağ” olmuşdu.
14 ildən sonra 2013/14 mövsümündə püşk “Makkabi”ni Avropa Liqasının ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”a rəqib etmişdi.
Cənubluları səfərdə meydana çıxmağa peşman edən Hayfa təmsilçisi 8 cavabsız topla növbəti mərhələnin qapılarını aralamışdı. Lənkərandakı cavab oyunu da “Makkabi”nin 2:0 üstünlüyü ilə başa çatmışdı.
2021/22 mövsümündə israillilərin Azərbaycandakı rəqibi bu dəfə “Neftçi” olub. Konfrans Liqasının pley-off mərhələsində keçirilən oyunlarda öz meydanında 4:0 hesablı qalibiyyətə sevinən “yaşıllar” Bakıda “ağ-qaralar”ın ciddi müqaviməti ilə üzləşib – 3:3.
Statistikadan göründüyü kimi, üstünlük Hayfa təmsilçisinin tərəfindədir. İki cəhddə mərhələni adlayan tərəf onlar olub və 6 matçın 4-də qələbəyə seviniblər. Top fərqi də onların tərəfindədir – 5-21.
“Neftçi” bu komandayla Bakıda bərabərə qalmağı bacarıbsa, “Sabah” da ən pis halda eyni nəticəni təkrarlaya bilər. “Makkabi” güclüdür, amma keçilməz deyil.
Komandalar arasındakı ilk oyun iyulun 25-də Macarıstanda, cavab görüşü avqustun 1-də Bakıda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ