Portuqaliyada yaşamış azərbaycanlı: "4-5 ildən sonra millidə..."

29 Aprel 2023 20:40 Araşdırma 1 686
Portuqaliyada yaşamış azərbaycanlı: "4-5 ildən sonra millidə..."

Ötən ildən uşaq futboluna xüsusi diqqət ayrılan Şamaxıda uşaq və yeniyetmə futbolçuların inkişafı yönündə ciddi işlər görülür.

“Keşlə”nin “Şamaxı” adlanmasından və bu komandanın bölgəyə köçməsindən sonra sözügedən rayonun özündə, eləcə də kəndlərində övladlarının futbolla məşğul olmasını istəyən valideynlərin sayı birə beş artıb.

“Şirlər”in aşağı yaş qruplarından ibarət komandalarının bir qismi paytaxtda məskunlaşsa da, U-10, U-11, U-12 və U-13 komandaları Şamaxıda fəaliyyət göstərir.

Klubun Sabirin yurdundakı müvafiq yaş qrupları üzrə əlaqələndiricisi Vəli Qasımovla Şamaxıdakı üzbəüz söhbətimiz də məlum mövzu ilə bağlı idi.

- Bir ildən çoxdur Şamaxıdasız. Uşaq futbolunun inkişafı ilə bağlı görülən işlər sizi nə dərəcədə razı salır?

- 2021-ci ilin dekabrından fəaliyyətə başlamışıq. Düzü, gəldiyim ilk günlərdə çox əziyyət çəkdim. Şamaxı əlbəyaxa idman növləri ilə məşhur olsa da, futbol şəhəri kimi tanınmayıb. Artıq insanlar futbola da maraq göstərməyə başlayıb. Hər gün nə qədər uşaq və valideyn gəlir. Ancaq imkanımız yoxdur, say məhdudiyyəti var.

- Hazırda Şamaxıda neçə uşaq futbolla məşğul olur?

- 4 yaş qrupunda təxminən 120 uşaq futbolun sirlərinə yiyələnir. 4 məşqçi, 1 həkim və 1 inzibatçımız var, inanırsız çatdırmırıq. Deməyim odur ki, görülən işlərdən və inkişafdan çox razıyam. Bu gün təkcə oğlanlar yox, qızlar da futbol oynamaq istəyir. Hələ ki, Şamaxıda qız komandamız yoxdur. Lakin bu gedişlə qızlardan ibarət komandanın yaradılması da mümkündür. Qızlarda futbola olan həvəs məni valeh edir.

- Şamaxıdakı aşağı yaş qruplarından ibarət komandalar hansı yarışlarda iştirak edir?

- Dediyim kimi, 4 komandamız var. 12 yaşa qədər olan uşaqlar əsasən yoldaşlıq oyunları xarakterli turnirlərdə iştirak edir. Mükafatçı yerlər uğrunda oynamırlar. U-13 komandamız Respublika çempionatında yarışır. Komandamız final mərhələsində iştirak edəcək. Dünən püşk atıldı və rəqibimiz “Vətən” komandası oldu. Rəhbərliklə danışandan sonra oyunun bazar günü Şamaxı şəhər stadionunda keçirilməsinə nail olduq. AFFA rəhbərliyi sağ olsun, lazım olan hər cür şərait yaradır.

- Uşaqların hamısı Şamaxıdandır? Kəndlərdən gələnlərin məskunlaşmaq imkanı var?

- Xeyr-xeyr, hələ ki, dediyiniz şəraitimiz yoxdur. Hamısı Şamaxının özündən və kəndlərindən olan uşaqlardır. Bəziləri hər gün 20-25 kilometr yol qət edib gəlib-gedirlər.

- Aralarında perspektiv vəd edənlərin sayı çoxdur?

- Nə gizlədim, əsas diqqəti azyaşlılara ayırmışıq. Çünki onların götürmək qabiliyyəti yüksək olur. Aralarında kifayət qədər potensiallı uşaqlar var. İnanıram ki, Şamaxıdan adından söz etdirən futbolçular çıxacaq. 4-5 ildən sonra Azərbaycan millisində çıxış edən futbolçular görəcəyik.

- İmkanlı və şəraiti yüksək olan klublar uşaqlarınızı “oğurlamaq” həvəsinə düşür?

- Əvvəla ilk 3 yaş qrupu üzrə komandalarımız Respublika yarışlarında iştirak etmir deyə, onları elə də çox görən yoxdur. Görsələr belə, inanmıram kimsə dediyiniz fikrə düşsün. Digər tərəfdən, onları buraxmaq niyyətimiz yoxdur. Bu məsələdə valideynlərdən də çox şey asılıdır. Elə valideyn var ki, nəyəsə görə uşağı aparmaq istəyir.

- Yeri gəlmişkən, bölgədə valideynlərin futbola yanaşması necədir? Övladlarının futbolla məşğul olmalarına həvəslə yanaşırlar, yoxsa zədələnər, xəstələnər düşünüb, qorxurlar?

- Adi bir şey deyim. Çox maraqlıdır ki, uşaqların əksəriyyəti məşqə tək gəlib-gedir. Düzdür, bəzi valideynlər qorxur, ehtiyatlanır. Bu da əsasən qış aylarında olur. Dağlıq bölgədə havalar soyuq keçir deyə, xəstələnəcəklərindən ehtiyat edirlər. Valideynləri də hardasa başa düşmək mümkündür. Havalar isinəndən sonra bir nəfər də məşqdən qalmır. Əksinə növbə yaranır.

- “Şamaxı”nın Premyer Liqada qalması sual altındadır. Komanda elitanı tərk etsə, Şamaxıdakı aşağı yaş qruplarının aqibəti necə olacaq?

- Mən AFFA-nın işçisiyəm, “Şamaxı”nın yox. Bu layihəni AFFA yaradıb və düşünürəm ki, sona qədər dəstəyini əsirgəməyəcək. İndiki məqamda bölgələrdə uşaq futbolunun inkişafına dəstək vacibdir. “Şamaxı”nın elitada qalıb-qalmayacağını demək çətindir. Çox istərdim yerini qorusun. Hətta bu baş verməsə belə, necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, AFFA lazım olan dəstəyi verəcək. Dəstək olmasa, Şamaxıda uşaq futbolun inkişafına böyük zərbə dəyəcək.

- Rusiya, İspaniya, Portuqaliya həyatından sonra Şamaxıda yaşamaq, işləmək necədir?

- (gülür) Hərəsinin öz yeri var. Az öncə dediyim kimi, ilk dəfə gələndə müəyyən çətinliklərim var idi. Şamaxının havası əladır. Ancaq Bakıdan gəlib uzun müddət burda qalanda, istər-istəməz çətinlik yaranır. Hava dəyişikliyi bir az təsir edirdi. Həm də, yeni gələndə təkcə komandaların formalaşması üzərində yox, həm də yerli məşqçilərin inkişafı yönündə işləyirdim. Mayda Şamaxıda C kateqoriyası üzrə sınaqlar keçiriləcək. Yerli gənclərin arasında məşqçilik kateqoriyasına yiyələnmək istəyənlər var.

- Yuxarıda adını çəkdiyim ölkələrin klubları ilə əlaqələriniz genişdir. Yaxın gələcəkdə “Şamaxı”dakı yeniyetmələrin təcrübə məqsədi ilə Portuqaliyaya, yaxud İspaniyaya yollanması mümkündür?

- Mümkünsüz heç nə yoxdur. Sadəcə, bunun üçün maliyyə lazımdır. Bu günə kimi kifayət qədər yaxşı əlaqələrim var. AFFA bu işdə maraqlı olsa və maliyyə ayrılsa, can-başla kömək edə bilərəm. Bir neçə il əvvəl dediyiniz məsələ üzrə layihə hazırlamışdıq. Hətta iki azərbaycanlını göndərmişdik. Sonradan məxsus olduqları klublarda problem yarandı deyə, alınmadı.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti