Azərbaycan klubunda ara qarışdı, məzhəb itdi - "Oyun satan şərəfsizdir!"

29 Aprel 2023 13:00 Araşdırma 2 920
Azərbaycan klubunda ara qarışdı, məzhəb itdi - "Oyun satan şərəfsizdir!"

"Qaradağ Lökbatan"da oyun "alver"i qalmaqalı davam edir.

Birinci Divizionun 21-ci turu çərçivəsində "Şamaxı-2" ilə ev oyunundakı məğlubiyyətdən (0:1) sonra bu iddia ilə baş məşqçi səlahiyyətlərini icra edən Füzuli Məmmədov çıxış edib.

Onun ağır ittihamına futbolçulardan Sabir Allahquliyev və Ruslan Voronsov sərt reaksiya verib.

Allahquliyev şəxsi telefonunu Məmmədova uzadaraq, "Oyun satan şərəfsizdir. Buyur, əgər oyun satmışamsa, sübut elə" - sözlərini deyib.

Ruslan isə iclasların birində məşqçiyə su butulkasını atmaqla narazılığını sərt formada bildirib.

Çarəsiz duruma düşən sabiq "Neftçi"li "Məndən asılı deyil. Mən sizi məşqə buraxa bilmərəm. Sizi komandaya buraxsam, gərək özüm burdan gedim" - deyə bildirib.

Hadisədən az qalır bir ay keçsin. Adıçəkilən futbolçular məşqlərə buraxılmadıqları kimi, almalı olduqları maaşlarına da həsrət qalıblar.

Bir sözlə, klubda anarxiya hökm sürür.

Maraqlıdır, görəsən, oyun satanı baş məşqçinin təyin etməsinə nə vaxtdan qərar verilib?

Bəs çempionatı təşkil edən qurum kimə lazımdır? Bəs AFFA-nın oyun alveri ilə məşğul olan komitəsi nə üçündür?

Bəlkə kimisə şərləmək, bir qismət çörəyi üçün el arasında "bataqlıq" adlanan divizionda oynayan zavallı futbolçuları futboldan didərgin salmaq bu qədər asandır?

Deyəsən, gözdən-könüldən uzaq qalan birinci divizonda bəzi işbazlar ürəyi istəyən kimi davranmağa çalışır. Ürəyi istəyəni oyun satan, ürəyi istəyəni başqa adla komandadan çıxarır.

Əgər bir futbolçu oyun alverində suçlanırsa, bunun ciddi sübutu olmalıdır. Və həmin sübutlar araşıdırlması üçün AFFA-ya təqdim edilməlidir.

Edilibmi? Edilibsə, bir aydı niyə qərar verilmir?

Mövzu ilə bağlı araşdırmamız davam edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti