“Hələ danışıqlar gedir, müqavilə rəsmən pozulmayıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Fərid Nəbiyevin meneceri Vaqif Heydərli deyib.
“Viktoriya”nın mətbuat xidməti gənclər yığmamızın üzvü ilə yolları ayırdıqlarını açıqlayıb. İnformasiyada 15 futbolçunun növbəti mövsümdə bu komandanın uğurları üçün çalışmayacağı diqqətə çatdırılıb.
Onlardan biri də azərbaycanlı yarımmüdafiəçidir. “Viktoriya” geridə qalan mövsümdə Çexiyanın 2-ci divizionunda mübarizə aparıb.
Jijkov təmsilçisi 30 turda topladığı 18 xalla 16 kollektiv arasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. Bu üzdən də, Fərid kimi əksər futbolçular komandadan ayrılmağa qərar verib.
V.Heydərli bu haqda aşağıdakıları söyləyib:
“Onun “Viktoriya” ilə müqaviləsinin bitməsinə hələ 2 il qalıb. Sadəcə, komanda lap aşağı liqaya düşüb deyə, Fərid də burada qalmaq istəmir.
Fikrimiz müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaqdır. Yəqin ki, yaxın günlərdə bu məsələyə tam aydınlıq gələcək”.

