“Qayınanamın evinə basqın edib, ona xəsarət yetirən şəxs saxlanıldı və 8 il həbs cəzası verildi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında sabiq futbolçu Nuqzar Kvirtiya deyib.
2021-ci ilin aprelində futbolçunun model xanımı İnna Kvirtiyanın Yasamal rayonunda yalnız yaşayan anası Yelena İvanovanın evinə daxil olan oğru, qadını döyüb, söyüb, polisə xəbər verəcəyi halda başını kəsəcəyi ilə hədələmişdi.
Polisin apardığı təxirəsalınmaz tədbirlər nəticəsində dəhşətli hadisəni törədən şəxs Nardaranda tapılmışdı. Həmin vaxt hadisə ilə bağlı araşdırma aparılması barədə məlumat verilmişdi.
Nuqzar hadisənin təfərrüatı haqda danışıb:
“Cinayətkarın dindirilməsi zamanı məlum oldur ki, o, daha öncə də bu yolla bir neçə mənzilə daxil olub. Qayınanamın evinə girməmişdən əvvəl 3 ay onu güdüb, özü üçün plan hazırlayıb.
Verdiyi ifadədə həmin gün də qayınanamın evdə olmadığını düşünüb. Evə daxil olub qadını görəndə özünü itirib və ona fiziki təzyiq göstərməyə başlayıb.
Məhkəmənin qərarı ilə həmin şəxsə 8 il həbs cəzası verildi. Lakin o, bununla razılaşmayıb apellyasiya şikayəti vermişdi.
Şükürlər olsun, Yelena İvanovanın psixoloji durumu yaxşıya doğru dəyişməkdədir. Hadisədən sonrakı ilk 2-3 ayda psixoloji problemləri var idi, səs gələn kimi qorxurdu. İndi özünü çox yaxşı hiss edir”.
Nuqzar Kvirtiya 2009-2012-ci illər aralığında AZAL-ın, 2012/13 mövsümündə “Turan”ın, 2015-2017-ci illər aralığında “Şüvəlan”ın formasını geyinib.
HƏBİB




