Klub prezidenti 3 il araşdırma apardı, Azərbaycanda bu işi ilk dəfə o gördü

17 İyun 2022 17:40 Araşdırma 887
Klub prezidenti 3 il araşdırma apardı, Azərbaycanda bu işi ilk dəfə o gördü

“Şahdağ”ın yaradılmasının 70 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın müəllifi, uzun illər Qusar klubunun prezidenti olmuş Bəybala Məmmədovdur.

Bu rayonda futbolun ənənələrini bərpa etmiş şəxs kimi tarixə düşmüş, “Şahdağ”ın yaşaması naminə böyük işlər görmüş B.Məmmədov kitabı ərsəyə gətirmək üçün 3 ilə yaxın zaman sərf edib.

Kitabda şəhərin yaxın keçmişindən, rayonun futbol tarixindən, qazandığı uğurlardan, Qusar futbolu ilə əlaqəsi olan məşqçilərdən, hakimlərdən, azarkeşlərdən, “Şahdağ”a dəstəyi olan insanlardan, söz açılıb. Bununla yanaşı, futbolda tanınmış simaların Qusar futbolu haqqında fikirləri və Azərbaycan futbolunda baş verən bəzi negativ hallardan bəhs edilib.

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının Futbol kafedrasının müəllimi Akif Fəttahov kitaba yazdığı ön sözdə qeyd edib ki, keçən əsrin ortalarında Qusarda futbola böyük maraq yaranıb. Həmin dövrdə Qusarın yetirməsi olan Zeydulla Süleymanovun respublikamızın bir nömrəli komandası olan “Neftçi”yə düşməsi məhz buna barız nümunə ola bilər.

Sitat: “O illər yaradılan “Şahdağ” Azərbaycanda öz dəsti-xəttilə seçilir. Uzun illər şimal zonasını yüksək liqada təmsil edən yeganə futbol komandası “Şahdağ”,layiqli oyunu və mübarizliyi ilə bütün respublikamızda azarkeş toplaya bilib.

“Şahdağ”ın yetirmələri milli komandamızda, Rusiya və ölkəmizin bir sıra aparıcı klublarında çıxış edirlər.

Respublikamızda idmanın inkişafı və xüsusilə futbolun səviyyəsinin artırılması üçün Azərbaycanın Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin göstərdiyi səylər bir çox dövlətlərə örnək ola bilər.

Bəybala müəllimin “Şahdağ”ın tarixi barədə kitab yazmaq fikrini çox bəyəndim. Çünki futbolun inkişafında rolu olub və bu sahədə əməyi olan adamların fəaliyyəti mütləq gələcək nəsillərə çatdırılmalıdır.

Düzünü etiraf etsək, bu sahəyə o qədər də fikir verilməyib. Respublikamızın futbol tarixi barədə də lazımı qədər araşdırmalar aparılmayıb. Bu mövzuda yazılan kitablar olduqca azdır.

B.Məmmədovun bu barədə kitab yazıb ərsəyə gətirmək fikrini alqışlamaqla yanaşı, respublikamızın digər zonalarında da böyük futbol ənənələri və şanlı keçmişi olan rayonlara da bunu tövsiyyə edərdim.

Belə mövzuda yazılan kitabdan nəinki “Şahdağ”ın çoxsaylı azarkeşləri, həmçinin bütün futbol mütəxəssisləri, idman sahəsində təhsil alanlar, əlbəttə ki, gələcək nəsillərimiz faydalanacaqlar.

Kitabda qısaca da olsa, Azərbaycan futbolunun tarixi barədə məlumat var. Bundan savayı, 2000-ci illərdə AFFA-nın fəaliyyəti ilə əlaqədar futbolumuzda yaşanan böhran və ədalətli futbol uğrunda mübarizə də öz əksini tapıb.

Bəli, futbol hansısa bir qrupun ola bilməz. Futbol hamımızındır. Ona görə də hamımılıqla onun inkişafı üçün əlimizdən gələni etməliyik.

Onu da qeyd etmək yerinə düşərdi ki, həmişə futbolumuzun inkişafı üçün çalışan vəzifə sahibləri, iş adamları və futbola ürək yanğısı ilə yanaşan şəxslər kifayət qədər olub.

“Şəmkir” futbol klubunun yaradıcılarından olan Aslan Aslanov, uzun illər “Şahdağ”FK-ya yardım edən İkram Əmirov, iş adamları Vidadi Əhmədov, Şahbaz Süleymanov, Bəybala Məmmədov və digərlərinin Azərbaycan futbolunda xidmətləri danılmazdır”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti