Azərbaycan futboluna cavabdeh olan qurum AFFA-dır.
Yəni Azərbaycan futbolunun acısı da, şirini də federasiyanın adına bağlanmalıdır.
Amma nə yazıq ki, bizdə vəziyyət belə deyil. AFFA-nın birbaşa kurasiyasında olan milli komandalar və klublar hələ bu günə kimi ciddi heç nə ilə yadda qalmayıblar. Əllərindən gələn, ancaq acı məğlubiyyətlərlə üzüntü yaşatmaq olub.
Bu da o demək deyil ki, futbolumuzun tək üzü var - üzüntü. Əsla. Sevindiyimiz şiri qələbələr də az deyil. Amma əldə etdilərimiz uğurlarınyaxından-uzaqdan AFFA ilə əlaqəsi olmayıb.
Götürək Avropada tarix yazan "Qarabağ"ımızı. İllərdi əldə olunan uğurlar sırf klubun rəhbərliyinin və baş məşqçi Qurban Qurbanovun formalaşdırdığı sistemin nəticəsidir. "Qarabağ" müstəqildir və qurulan sistemin də, qazanılan uğurun da federasiyaya heç bir aidiyyatı yoxdur.
Baxaq bu gün üzdə olan futbolçularımızın əksəriyyətinin harda yetişməsinə. Heç uzunçuluğa getmək də lazım deyil. İki sanabllı legionerimiz var - Mahir Emreli və Namiq Ələsgərov.
Hər ikisi də AFFA-ya dəxli olmayan, indi gorbagor edilən "Bakı" Futbol Akademiyasında yetişiblər.
Aşağı yaş qrup millilərin, Premyer Liqa klubunun əksər futbolçuları digər müstəqil klub olan "Qəbələ"nin Futbol Akademiyasında yetişiblər. AFFA-nın dəxli olan, milyonlarımızı yatırdığı Berlin Futbol Akademiyasından isə nəinki futbolçu, heç basketbolçu da çıxmadı.
Ötən həftə minifutbol yığmamız Avropa Çempionu oldu. Tarixi zəfərin də AFFA-ya heç bir aidiyyatı yoxdur. Bu, sırf Orxan Məmmədov tərəfdən yaradılan Minifutbol Federasiyasının qısa müddətdə formalaşdırdığı peşəkar sistemin nəticəsidir.
Gördüyünüz kimi, uğurlarımız var, amma AFFA-nın olmadığı, müdaxilə imkanı mümkünsüz olduğu ortamda. Bəlkə, bu qurumu ləğv edək?
XANOĞLAN İMANOV

