Azərbaycan Premyer Liqasında başa çatan mövsümün istedadlarından danışsaq, şübhəsiz ki, ilk ağıllara gələn adlardan biri Cəlal Hüseynov olacaq.
"Zirə"nin mərkəz müdafiəçisi əla mövsüm keçirdi, deyə bilərik.
Onun yüksək liqada debutu daha əvvələ - 2019-cu ilə təsadüf edir. O dönəm "Zirə"ni çalışdıran Zaur Həşimov cəmi 4 ay əvvəl 16 yaşı tamam olan Hüseynova ölkə kubokunun "Qaradağ Lökbatan"la matçında tarixi şansı vermiş olur.
Görünür, gənc mütəxəssis hələ onda Cəlalın istedadını görmüş və üzə çıxması üçün ilk addımı atmağa qərar veribmiş. Hətta yenicə 17 yaşa qədəm qoyması belə Həşimovu qərarından vaz keçirməmişdir.
Məlum olduğu kimi, sonra araya pandemiya düşdü və rəhbərlik Rəşad Sadıqovla yola davam etmək üçün Zaur Həşimovla yolları ayırmağa qərar verdi.
Hər zaman gənclərlə işləmək həvəsindən ağızdolusu danışan Sadıqov bunu əməlində növbəti dəfə göstərmiş oldu. Sələfi kimi o da Cəlalın istedadına inanıb, ona şans verməyə başladı. Həm də davamlı...
Sadıqov 2020-2021-ci il mövsümündə Cəlal Hüseynova ölkə kubokunda 1, Premyer Liqada isə 9 matç şans verməklə sanki yeni mövsümə hazırlıq görmüş oldu.
Arxada qalan ildə 38 yaşlı çalışdırıcı 18 yaşlı gəncə əsas heyət üzvü kimi baxmağa başladı.
Hətta mövsümün gedişində ona kapitanlıq sarğısını da vermiş oldu. Bəli, zaman-zaman Cəlalın səhvindən komandası əziyyət çəkdi. Amma mütəxəssis onun "bişməsi", "böyüməsi" üçün səbrlə şans verməyə davam etdi.
28 turdan 26-da gənc istedadı meydanda gördük. Hətta bu matçlarda onun 1 qoluna da şahidlik etmiş olduq.
Ölkə kubokunda isə bir-birindən gərgin keçən 4 oyunda meydanda olan Cəlal komandasının finala çıxmasında müstəsna rol almış oldu. Elə "Neftçi" ilə 120 dəqiqəlik mübarizədə onun da olduğu müdafiə xəttinin səhvsiz oynamasını demək yerinə düşər.
Son finalda Cəlalın "Qarabağ"ın qapısına vurduğu penal zamanı göstərdiyi psixoloji durum onun 18 yaşında nə qədər böyü(dül)məsinin əyani göstəricisi idi. Bunda təbii ki, Rəşad müəllimin böyük xidmətləri var.
Cəlal bu gün təkcə "Zirə"nin yox, həm də Azərbaycan millisinin daimi üzvünə çevrilməkdədir.
Cəlal cəmi 18 yaşında ikən karyerasında yaşadığı cah-calala görə həm Həşimova, həm də Sadıqova bir ömür minnətdar olmalıdır. Davamı daha böyük klublarda çıxışla gəlsin, Hüseynov!
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.


