"Bizdə futbolçulara nəzarət çox güclüdür" - "Sabah" Akademiyasından reportaj

17 Sentyabr 2021 21:00 Araşdırma 1 293
"Bizdə futbolçulara nəzarət çox güclüdür" -

Ölkəmizdə fəaliyyət göstərən futbol akademiyaları ilə bağlı silsilə yazılarımızı davam etdiririk.

Növbəti müsahibimiz "Sabah" Futbol Akademiyasının xorvatiyalı baş koordinatoru Adino Mustedanaqiçdir.

İdman qalib gəlməyi öyrədir

Əcnəbi mütəxəssis idmanın insanın formalaşmasında oynadığı əhəmiyyətli rolu xüsusi vurğulayıb: "İdman insan sağlamlığında çox mühüm yer tutur. İdmanla məşğul olmaq insanlar arasında ilk növbədə sosial mühitin formalaşmasına şərait yaradır.

Siz idmanla məşğul olarkən dostlarınızla səmərəli vaxt keçirir, həmçinin istirahət etmiş olursuz. Bundan əlavə, yaxşı fiziki vərdişlər əldə edirsiz ki, bu da, sizin sağlam vətəndaş kimi formalaşmağınıza zəmin yaradır.

İstənilən idman növü ilə məşğul olmaq sizə yarışmağı, qalib gəlməyi, həmçinin məğlubiyyətin öhdəsindən necə gəlməyi və bunları həyatda necə tətbiq etməyi öyrədir. Bu təcrübə sizə iş və şəxsi həyatınızda kömək olur".

Yaxşı futbolçu kimi yetişmək üçün...

Adino "Sabah" Akademiyasında futbolçuların yaxşı vətəndaş kimi formalaşmasının xüsusi yer tutduğunu deyib: "Sabah" Futbol Akademiyasının, həmçinin "Vətən" Futbol Məktəbinin strukturunda uşaqların yaxşı futbolçu kimi yetişməsilə yanaşı, əsil vətəndaş kimi formalaşması mühüm yer tutur. Biz ilk növbədə akademiyanın üzvü olan uşaqların sağlam və nümunəvi şəxsiyyət kimi formalaşması üçün çalışırıq. Sonrakı mərhələdə onun yaxşı futbolçu kimi formalaşmasına diqqət yetiririk. Fikrimcə, yaxşı futbolçu kimi yetişmək üçün ilk növbəti buna zəmin yaradacaq xarakterə malik olmalısan ki, bu da, futbolda əsas nüans hesab edilir".

Uşaqlar futbolda məşqçilərini nümunə götürür

Akademiya rəsmisi məşqçilərin uşaqlar üzərindəki rolunun əhəmiyyətli nüans olduğunu qeyd edib: "Məşqçilər uşaqlarla çalışarkən ilk növbədə bir şeyi nəzərə almalıdır ki, yetirmələri onlardan nümunə götürür, etdiklərini təkrarlayırlar. Uşaqlar ilk növbədə evdə valideynlərini, futbolda isə məşqçilərini nümunə götürürlər. Məşqçilər dediklərinə ilk növbədə özləri əməl etməlidir. Söylədikləriylə etdikləri ziddiyyət təşkil etməməlidir. Onlar ilk növbədə dediklərini həyata keçirməyi öyrənməli, uşaqlarla necə davranmalı olduqlarını müəyyənləşdirməlidirlər. Gənc məşqçilər daima öz üzərlərində çalışmalı, özlərini təkmilləşdirməlidir. Təhsilli məşqçi futbolçu ilə daha yaxşı ünsiyyət qura bilər. Çünki hər bir futbolçu fərqli xarakterə malikdir. Məhz buna görə də təhsil təkcə futbolçular üçün yox, məşqçilər üçün də vacibdir".

Valideynləri əməkdaşlığa cəlb eləməyə çalışırıq

İki ildən artıqdır ölkəmizə çalışan mütəxəssis uşaqların dil biliklərindən narahatdır: "Sabah" Futbol Akademiyasındakı vəziyyətdən razıyam. Çünki "Vətən"lə əməkdaşlığımız uğurla davam edir. Bizim akademiyada futbolçulara nəzarət çox güclüdür. Akademiyada məşqlər çox yaxşı sintez olunub. Mümkün olduqca valideynləri də əməkdaşlığa cəlb eləməyə çalışırıq. Evdə valideyn, məktəbdə müəllimlər və məşqdə məşqçilər uşaqların inkişafında mühüm rol oynayır. Buna görə, bu 3 tərəf arasında daimi ünsiyyəti və əməkdaşlığı qoruyub saxlayırıq. Akademiyada başqa nəyin olmasını istərdim? Həm oyunçuların, həm də məşqçilərin xarici dil biliklərini təkmilləşdirmələrini. Çünki bu, daha çox öyrənmək, məlumat əldə etmək və özünü inkişaf etdirmək imkanlarını artırır".

Bədənimiz avtomobil kimidir

İdmanda fiziki hazırlığın rolundan danışan xorvatiyalı bunları dilə gətirib: "İdmanla məşğul olmaq sizə yaxşı fiziki vərdişlər qazandırır. Bizim bədənimiz avtomobilimiz kimidir. Maşına yaxşı qulluq etməsək, müəyyən problemlər yaranar, öz bədənimizlə bağlı da eyni qaydadır. Biz idmanla bədənimizi nə qədər gümrah saxlasaq, o, zədələrə qarşı bir o qədər dözümlü olacaq. Fiziki hazırlıq oyunçular üçün çox vacibdir. Lakin idmanın müxtəlif sahələrində fiziki hazırlıq eyni olmur. Məsələn, futboldakı fiziki hazırlıq üzgüçülükdə, ağırlıqqaldırmada, güləşdə, cüdoda və s. idman növlərində olan fiziki hazırlıqla eyni deyil. Lakin fiziki hazırlıq hər idman növündə böyük əhəmiyyət daşıyır. Çünki fiziki hazırlıq idmançının formasını qorumaqda əsas rol oynayır".

Xanoglan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"