Daşaltı əməliyyatı ilə bağlı ilk qələbə reportajı - 29 il sonra

22 Yanvar 15:10 Araşdırma 263
Daşaltı əməliyyatı ilə bağlı ilk qələbə reportajı - 29 il sonra

2021-ci il 25 yanvar. Bu dəfə bu tarixdə təkcə 1992-ci ildə Daşaltı əməliyyatında həyatlarını itirən şəhidlərimizin xatirəsini yad etməyəcəyik.

Bu il həm də Vətən Müharibəsində Azərbaycan ordusunun böyük əzmkarlıqla işğaldan azad etdiyi Daşaltıdan, qələbəmizdən, uğurlu Daşaltı əməliyyatından danışacağıq.

1992-ci ildəki Daşaltı məğlubiyyəti birinci Qarabağ savaşında aldığımız ən acı məğlubiyyətlərdən biri idi. Həmin əməliyyatda 90 şəhid verdik, onlarla itkin düşən döyüşçümüz oldu.

Ötən illərdən fərqli olaraq bu il Daşaltı əməliyyatının anım günündə həm də qələbə reportajları hazırlayacağıq. Özü də Daşaltıdan...

Müzəffər Azərbaycan ordusunun dişi ilə, dırnağı ilə aldığı Daşaltı Şuşanın fəthinin açarı idi. Vətən Müharibəsində canından keçən döyüşçülərimiz sayəsində indi Azərbaycan ordusu Cıdır düzündədir.

“Yeni Müsavat” qəzetinin reportyor qrupu da yanvarın 21-də Daşaltıda, Şuşada olub. Daşaltı əməliyyatının anım günü üçün qələbə reportajı hazırlamaq üçün...

Şuşaya yollanan reportyorumuz Elşən Məmmədəliyev ilk təəssüratlarını bizimlə bölüşüb.

“Biz Müdafiə Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində Şuşaya səfər etdik. Səfərdə əsas məqsəd yanvarın 25-də növbəti ildönümünü qeyd edəcəyimiz Daşaltı əməliyyatı ilə bağlı reportaj hazırlamaq idi. Çünki 1992-ci ildən sonra ilk dəfə biz Daşaltı əməliyyatının ildönümünü, şəhidlərimizin anım gününü Daşaltıda, Şuşada da qeyd edəcəyik. Bu günü də 44 günlük Vətən Müharibəsində qələbə qazanan, Daşaltını da azad edən ordumuza borcluyuq.

Hər il Daşaltı əməliyyatının şəhidlərini böyük ürək ağrısı ilə anırdıq. Amma indi böyük Şuşa zəfərimiz var və şəhidlərimiz qisası da alınıb”- deyə əməkdaşımız bildirir.

E.Məmmədəliyev bildirir ki, səfər zamanı Daşaltı əməliyyatında iştirak edən qazilərimizlə də görüşüblər: “1992-ci ildəki Daşaltı əməliyyatı təəssüf ki, uğursuz olmuşdu və şəhidlər vermişdik. Amma bu gün Daşaltıda vəziyyət tam fərqlidir. Artıq burada qələbə ilə bitən Daşaltı əməliyyatı ilə bağlı da reportaj hazırlayırıq.

Səfər zaman həm 1992-ci ildəki, həm də 2020-ci ildəki Daşaltı əməliyyatında iştirak edən döyüşçülərimizlə, qazilərimizlə görüşdük. Onların təəssüratlarını öyrəndik. Bu barədə səfərimizdən sonra geniş videoreportaj təqdim edəcəyik.

Qazilərimizdən aldığımız bu açıqlamalarla həm 1992-ci ildəki əməliyyatın uğursuz olmasının təfərrüatını, həm də 2020-ci ildəki əməliyyatın uğurlarının təfərrüatını öyrəndik.

Əlavə olaraq onu qeyd edim ki, 2020-ci ildəki Şuşa zəfərindən öncəki Daşaltı əməliyyatı cəmi bir sutka çəkib. Müzəffər Azərbaycan ordusu 28 il əvvəl itirilən Daşaltını bir günə alaraq Şuşaya doğru irəliləyib. Bizə verilən məlumata görə, bu əməliyyatda Azərbaycan ordusu 5 şəhid verib”.

Əməkdaşımız həmçinin onu da bildirdi ki, Şuşaya avtomobil yolunun, elektrik xətlərinin çəkilməsi istiqamətində işlər davam edir. Ancaq hava şəraiti ilə əlaqədar işlər çətin şərtlər altında baş tutur (musavat).

Digər Xəbərlər
Xəbər Lenti