21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Bilal Sezer Almaniya mətbuatına karyerası haqda danışıb.
Sportinfo.az xəbər verir ki, bu ilin yanvarında aşağı liqa təmsilçisi “Bomberq” ilə anlaşaraq, ilyarımlıq futbolsuzluq həsrətinə son qoyan yarımmüdafiəçi yığmamızdakı çıxışına da münasibət bildirib.
Mönhenqladbax “Borussiya”sının yetirməsi olan 26 yaşlı oyunçu karyerası ərzində yalnız Almaniyanın aşağı liqalarında çıxış edib. U-21 millimizin sabiq üzvü yığma seçiminə də çox qısa toxunub.
Bilal 2015-ci ildə Avropa çempionatının seçmə mərhələsində yığmanın heyətində Avstriyaya qarşı (0:2) 90 dəqiqə oynayıb, ardından Almaniya ilə (0:3) görüşdə ehtiyatda oturmasını xatırladıb və məyusluğunu ifadə edib: “Bu, böyük məyusluq idi, məni kədərləndirdi. Buna baxmayaraq, milli komanda çox yaxşı təcrübə oldu”.

