“Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovski və futbolçular Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqdan sonra azarkeşləri qarşısında diz çöküblər.
Sportinfo.az xəbər verir ki, bu barədə Çexiyanın "Seznam Zpravy" nəşri məlumat yayıb.
Qeyri-adi hadisə Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma başa çatdıqdan sonra baş verib.
Baş məşqçi və futbolçular Çexiyadan sevimli komandalarına dəstək olmaq üçün uzun yol qət edən azarkeşlərə təşəkkür etmək məqsədilə qonaq komandanın azarkeşlər üçün ayrılmış sektorunun qarşısında diz çöküblər.
Bu jest “Slaviya”nın azarkeşlərinə minnətdarlığını bildirmək üçün ənənəvi üsuludur.
Bununla belə, çexiyalı azarkeşlərin bir qismi üçün axşam xoşagəlməz hadisə ilə başlayıb.
"iSport" nəşrinin məlumatına görə, “Slaviya”nın təxminən 200 azarkeşi Bakı Olimpiya Stadionuna daxil olarkən problemlə üzləşib.
Təhlükəsizlik sistemi onların biletlərini etibarsız hesab edib. Nəticədə vəziyyətə klubun azarkeşlərlə iş üzrə nümayəndəsi müdaxilə etməli olub. Yaranmış çətinliklərin biletlərin satış qaydasındakı dəyişikliklərlə əlaqəli olması istisna edilmir.
Belə ki, “Slaviya” daha əvvəl qonaq azarkeşlər üçün nəzərdə tutulan sektordakı biletlərin qiymətinin 30 avrodan 7,5 avroya endirilməsinə nail olub.
Bununla əlaqədar klub əvvəllər alınmış vauçerləri ləğv edib, vəsaitin geri qaytarılacağını açıqlayıb və biletlərin yeni qiymətlə satışını təşkil eləyib.
