Premyer Liqanın 7-ci turu Azərbaycan derbisi ilə yadda qaldı.
Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Neftçi”ni qəbul etdi.
13500 azarkeşin izlədiyi qarşılaşma kifayət qədər dramatik alındı. 90 dəqiqə ərzində qapılara 6 qol vuruldu.
Amma bu qədər qolun vurulması tərəflərin möhtəşəm hücumlarından, qurulan gözəl kombinasiyalardan, hücumçuların effektiv olmasından daha çox qapıçıların zəif çıxışı ilə bağlı idi.
Həm Rza Cəfərov, həm də Şahrudin Məhəmmədəliyev uğursuz oyun keçirdi.
Rzanın ikinci və üçüncü qollarda böyük səhvləri var idi. Şahrudin isə hər üç qolda özünə bənzəmədi.
Rza Cəfərovu müəyyən qədər başa düşmək olar. Rza gəncdir və digər tərəfdən onun səhvinə qədər müdafiəçilərin xətalarını da unutmaq olmaz.
Uzun müddətdir oyun təcrübəsindən əziyyət çəkən qolkiperin səhvlərə yol verməsi müəyyən qədər təbiidir. Xüsusilə üçüncü qoldakı nöqsan birbaşa oyun təcrübəsinin azlığı ilə bağlı idi. Ən əsası Cəfərovun səhvləri ilə bərabər seyvləri də oldu.
Bəs zəngin təcrübəsi olan Şahrudin Məhəmmədəliyevin belə taleyüklü matçda etdiklərinə nə izah verək?
Qurban Qurbanov hamını təəccübləndirən qərarını Zlomisliçin son anda zədə alması ilə bağlayıb.
Bəlkə də Qurbanov Şahrudinin ayaqla daha yaxşı oynamasına görə ona üstünlük vermişdi. Amma onun nə ayaqla yaxşı ötürmələrini görə bildik, nə də qapı qarşısında etibarlı oyununu.
“Neftçi”nin “Qarabağ”ın qapısına cəmi üç zərbəsi oldu və hər üçü də qolla nəticələndi.
Klismanın ikinci qolu isə əsl biabırçılıq idi. Şahrudinin həmin epizodda nə etdiyini anlamaq mümkün olmadı.
Məncə, artıq bu qapıçının vaxtı keçib. Şahrudinə daha zaman ayırmağa dəyməz.
İllərdir futbol ictimaiyyətini və azarkeşləri kobud səhvləri ilə məyus edən qolkiperə bundan sonra güvənmək vaxt itkisidir.
Qurban Qurbanov bəlkə də Şahrudinə güvənməkdənsə, akademiyadakı gənclərdən birinə şans versə, daha yaxşı olar.
Bunun ən yaxşı nümunəsi "Sabah"dır.
Cəmi 9 il əvvəl yaranan klubda artıq gənc Rəvan Mirzəmmədov kimi qapıçını əsas komandada görürük.
Valdas Dambrauskas bu mövsüm tədricən ona şans verir. O da özünü pis tərəfdən göstərmir.
Arxada qalan illər ərzində “Qarabağ” akademiyası heç olmasa Rəvan Mirzəmmədov səviyyəsində bir qapıçı yetişdirə bilməyibsə, "Şah"ı qınamağın bir anlamı qalmır.
XANOĞLAN/ SPORTİNFO.AZ
