II Liqa klubu stadion tikir, “İmişli” boş yerə vaxt “ölıdürür”! - VİDEO

16:05 Gündəm 133
II Liqa klubu stadion tikir, “İmişli” boş yerə vaxt “ölıdürür”! - VİDEO

Yazıya keçməzdən əvvəl mətnin sonundakı videonu izləyin, sonra yenidən bura qayıdın.

Bəli, gördüyünüz stadion 1 il əvvəl boş əkin sahəsi olub. Bu gün isə həmin ərazidə futbol oynamaq üçün lazımi şərait yaradılıb.

Bunu bacaran isə hazırda II Liqada mübarizə aparan “Marafon” klubunun rəhbərliyidir. Daha dəqiq desək, klubun başqanı Vüsal Xəlilov.

Sabirabadın Bulaqlı kəndində inşa olunan stadion hazırda Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən oyunlara ev sahibliyi edir.

Videodan da aydın görünür ki, burada müəyyən iş görülüb, zəhmət çəkilib. Cəmi 1 il ərzində ciddi işlər görülüb, futbolçuların meydana çıxması və oyunlarını keçirməsi üçün lazımi şərait yaradılıb.

Soyunub-geyinmə otaqları, ehtiyat oyunçular üçün skamyalar, isti və soyuq su, təbii örtüklü meydança…

Bir sözlə, futbolun oynamaq üçün vacib olan bir çox detal Bulaqlı kəndindəki stadionda öz əksini tapıb.

Əlbəttə, bu arena Premyer Liqa standartları üçün nəzərdə tutulmayıb. Daha yüksək səviyyəli yarışlar üçün daha geniş imkanlara malik stadion və infrastruktur lazımdır.

Ancaq əsas məsələ başqadır. İstək və zəhmət olduqda, qısa müddətdə də nəticə əldə etmək mümkündür.

Bu görüntüləri izləyəndə istər-istəməz “İmişli” klubu və onun rəhbərliyi yadıma düşdü.

Artıq ikinci mövsümdür Premyer Liqada çıxış edən bölgə təmsilçisi hələ də öz meydanında oynamaq imkanından məhrumdur.

Ötən mövsüm Qubada məskunlaşan “İmişli” indi də Yevlax şəhər stadionunun xidmətindən yararlanır. Səbəb isə doğma rayonda klubun istifadəsinə yararlı stadionun olmamasıdır.

Halbuki bir neçə ay əvvəl klub rəhbərliyi redaksiyamızda qonaq olarkən prezident Kamran Eyyubov stadion məsələsinin qısa müddətdə həll ediləcəyini bildirmişdi. Yeni işlərə başlanılacağı, arenanın hazırlanaraq “İmişli” azarkeşlərinin ixtiyarına veriləcəyi ilə bağlı vədlər səsləndirmişdi.

Üstündən xeyli vaxt keçib. Hələ də stadionun tikintisi və ya əsaslı şəkildə hazırlanması istiqamətində konkret işlərin başlandığı barədə məlumat yoxdur. “İmişli” isə doğma meydanından kənarda, başqa rayonların stadionlarında gün keçirməkdə davam edir.

Ən maraqlısı da budur ki, II Liqada çıxış edən “Marafon” cəmi 1 il ərzində boş ərazini futbol meydanına çevirə bilibsə, Premyer Liqada mübarizə aparan “İmişli” hələ də bu problemi həll edə bilmir.

Burada əsas məsələ maliyyə imkanları ilə yanaşı, işə yanaşma və prioritetlərdir. Sözsüz ki, yüksək səviyyəli stadion tikmək, müasir infrastruktur qurmaq asan deyil.

Bunun üçün vəsait, vaxt və ciddi təşkilatçılıq tələb olunur. Ancaq bir işə başlamaq, konkret addımlar atmaq üçün ilk növbədə niyyət və iradə lazımdır.

“İmişli” rəhbərliyinin futbolçu transferlərinə, heyət dəyişikliklərinə, sosial şəbəkələrdə atmacalı rəylər yazmağa sərf etdiyi vaxtın heç olmasa bir hissəsi klubun gələcəyinə, infrastrukturun qurulmasına yönəldsəydi, bəlkə də bu gün tamam başqa mövzudan danışardıq.

Ortada dəyişməyən reallıq var: “İmişli” artıq ikinci mövsümdür Premyer Liqada çıxış edir, amma hələ də öz stadionunda oynaya bilmir.

“Marafon”un Bulaqlı kəndində gördüyü iş isə ən azı onlara bir nümunədir. Bu, böyük büdcələrdən, iddialı açıqlamalardan və gələcək planlardan əvvəl konkret iş görməyin vacibliyini göstərir.

Bəlkə də bu video “İmişli” rəhbərliyi üçün yaxşı bir ustad dərsi ola bilər. Axı futbol təkcə futbolçu almaqdan, heyəti yeniləməkdən və nəticə düşünməkdən ibarət deyil.

Klubun gələcəyini düşünmək, öz meydanını yaratmaq və azarkeşə doğma stadion bəxş etmək də ən azı bunlar qədər vacibdir.

Təbii ki, azarkeşi düşünən rəhbər(lər) üçün.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti