Son dörd-beş ayda «Qarabağ»da çox şey dəyişməyib.
Demək olar hamı dəyişib.
Heyəti tamamilə yenilənmiş saymaq olar. Yayda alınan legionerlərin böyük qismi ilk «11-liy»i təşkil edir.
Bu, fərqli yol tutan «Qarabağ»dır. Qurban Qurbanovn karyerasında ən yeni və ən riskli mərhələdir.
Burada «tutar qatıq, tutmaz ayran» yanaşmasından söhbət getmir və gedə də bilməz. Qurbanov 18 illik «Qarabağ» keçmişində hələ belə masştablı islahat aparmamışdı, bu, bir ilkdir. Və önəmli təcrübədir.
Dörd-beş ayın «Qarabağ»ı çıxdığı ilk Azərbaycan derbisində mövsümün ən yaxşı oyununu nümayiş etdirdi. Müdafiə və yarımmüdafiə zonasındakı bütün səhvlərinə, görünən və görünməyən çatışmazlıqlarına baxmayaraq.
Ötən həftələrlə müqayisədə bir qədər «diri» təsir bağışladı «Qarabağ» və bu, irəliyə doğru iri addım sayılmalıdır.
Heç olmasa, ona görə ki, hesabda iki kərə geri düşsələr də, son dəqiqədə məğlubiyyətdən qaça bildilər.
Qurban Qurbanov açıq bir mesaj verdi oyunsonrası mətbuat konfransında. Əvvəlki «Qarabağ»ı təkrar ərsəyə gətirmək üçün 2 il vaxt gözləmək gərəkdiyinə işarə etdi.
Azərbaycanın ən yaxşı futbol mütəxəssisi bununla publikadan, «Qarabağ» tərəfdarından vaxt istəmir.
Qurbanov köhnə «Qarabağ» geri qaytarmaq yolunda iki ili qurban vermək məcburiyyətində qaldıqlarını diqqətə çatdırmaq fikrindədir. Çox ağıllı və müdrik insandır o.
Yüz ölçüb, bir biçmək kimi bir xüsusiyyəti var. Ümumi vəziyyəti analiz eləməsə, nəyin tez, nəyin gec olacağını öncədən özüyçün müəyyənləşdirməsə, bu açıqlamanı səsləndirməz.
Deməli, ən pis ssenariyə də indidən hazır olmaq lazımdır.
MUSA
