Birinci Liqada gərgin mübarizənin getdiyi yarışda lider dəyişikliyi baş verə bilərdi.
Dörd turdan sonra maksimum xal toplayan “Şahdağ-Qusar”ın gözlənilmədən “Xankəndi”yə 0:1 hesabı ilə məğlub olmasından sonra gözlər “Gəncəbasar”yə dikilmişdi.
Qərb təmsilçisi çətin “Karvan-Yevlax” səfərində qələbə qazansaydı, xallarının sayını 15-ə yüksəldəcək və turnir cədvəlinin şəriksiz liderinə çevriləcəkdi.
Lakin matçın favoriti göstərilən təcrübəli Yevlax təmsilçisi “Gəncəbasar”a bu imkan vermədi.
Yevlaxlılar uzun müddət hesabda 2:0 öndə olsa da, sona yaxın qapısından bir top buraxdı. Lakin qonaqların bundan artığına gücü çatmadı.
Sportinfo.az-a açıqlama verən gəncəlilərin kapitanı Süleyman Əhmədov məğlubiyyəti bu cür şərh edib:
“Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibi analiz edib yaxşı hazırlaşmışdıq. Ancaq öz səhvlərimizdən qollar buraxdıq.
Daha sonra bir qolun əvəzini çıxsaq da, ardını gətirmək mümkün olmadı. Şanslarımız oldu, ancaq onları dəyərləndirə bilmədik.
Artıq bu oyun geridə qaldı. Səhvlərimizi düzəltmək üçün çox çalışıb növbəti oyunda qələbə qazanmağa çalışacağıq”.
HƏBİB
