Azərbaycan futbolunda növbəti biabırçılıq yaşana bilər.
I Liqanın 7-ci turu çərçivəsində keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşmasının baş tutması sual altındadır.
Buna səbəb “Mingəçevir”in məşqçi və futbolçu heyətinin oyunu boykot etməyə hazırlaşmasıdır.
“Qəbələ” ilə kubok matçına xahiş-minnətlə yollanan komanda üzvləri həmin qarşılaşmadan sonra maaşlarını alacaqlarını gözləyirdilər. Üstündən bir həftə keçməsinə baxmayaraq, ödənilməli olan məvaciblərdən hələ də xəbər yoxdur.
Nəticədə futbolçuların bir çoxu, daha dəqiq desək, Mingəçevirdən kənarda yaşayan 10-a yaxın oyunçu komandanın düşərgəsini tərk edib.
Redaksiyamıza daxil olan məlumata görə, baş məşqçi Elman Sultanov da Mingəçeviri tərk edərək Bakıya yollanıb.
Komanda üzvlərinin rəhbərlikdən tələbi üç aylıq maaş borcunun müəyyən hissəsinin ödənilməsidir. Rəsmilər həftələrdir “bu gün-sabah”larla söhbəti uzatsa da, indiyədək onlara bir qəpik belə ödənilməyib.
Artıq futbolçuların səbr kasası daşıb. Onlar kirayə qaldıqları evlərin pulunu ödəməli, qidalanma və nəqliyyat xərclərini qarşılamaq üçün vəsait tapmalıdırlar.
Lakin aylardır maaş ala bilməyən oyunçular bu xərclərin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Belə vəziyyətdə bəziləri komandadan ayrılmaq, başqa iş tapmaq və ya digər klublara üz tutmaq barədə düşünmək məcburiyyətində qalıb.
Noyabrın 3-ü maaşların ödənilməsi ilə bağlı son gündür. Əgər bu gün futbolçulara müəyyən məbləğdə pul verilsə, məşq etmədən də olsa, sabah meydana çıxacaqlar.
Əks halda, “Mingəçevir”in məşqçi və futbolçu heyəti “Şahdağ Qusar”la oyunda iştirak etməyəcək.
Noyabrın 4-də Mingəçevirdə keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” qarşılaşmasının saat 15:00-da başlaması nəzərdə tutulub.
HƏBİB / SPORTİNFO.AZ
