«Mingəçevir»də rəhbərliyin iclası keçirilib.
Rafael Bünyatovun baş rol aldığı yığıncaqda ötən mövsümün yekunları və cari məsələlər müzakirəyə çıxarılıb.
Məlum olub ki, klubun hazırda 250 min manat borcu var. Bu, bir neçə istiqamət üzrə üst-üstə yığılan borcdur.
Belə ki, «işıqçılar» məşqçi və futbolçularla yanaşı, otelə, qida şirkətinə də ödəmə etməlidir. Di gəl, borcu bağlamaq üçün vəsait yoxdur. O üzdən, ASTA-nın «Mingəçevir»in üzərindən əlini çəkməsi qaçılmazdır.
Yığıncaqdan sonra komanda üzvlərinə xəbər verilib ki, mövcud vəziyyət gərgindir, hərə öz başının çarəsini qılsın, borcun da qaytarılmasını gözləməsinlər.
Və kim istəyirsə, bundan AFFA-ya şikayət edə bilər, bir nəfərin də qarşısını kəsməyəcəklər.
«Mingəçevir» I Liqada mövsümü ikinci yerdə başa vurub. Premyer Liqaya vəsiqə uğrunda pley-off matçında «Qəbələ»yə 0:2 hesabıyla uduzublar.
Ötən 1 ayda isə düşrəgəyə ölü sükut çöküb. Ramiz Məmmədovun başçılıq etdiyi məşqçilər korpusu iş yerini tərk edib. Onların ardınca isə bir çox futbolçu klubla vidalaşıb.
SPORTİNFO.AZ

