"Səbail"in 2026/2027 mövsümündə Azərbaycan I Liqasında əsas hədəfi çempionluq olacaq və heyəti tamamilə yenilənəcək.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında paytaxt təmsilçisinin yeni baş məşqçisi Elnur Abdullayev deyib.
Mütəxəssis klub rəhbərliyi ilə keçirilən görüşün detallarını bölüşüb:
"Rəhbərliklə bir araya gələrək planlar barədə danışdıq. Fikirlərimiz üst-üstə düşdü və mənə güvəndiklərini söylədilər.
Qarşıya qoyulan hədəf çempionluqdur. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Düzdür, çətin olacaq, lakin bu vəziyyətin öhdəsindən gələcəyimizə inanıram".
E.Abdullayev heyətin tamamilə yenidən qurulacağını diqqətə çatdırıb:
"Heyət, demək olar ki, sıfırdan yığılacaq və tamamilə yeni bir kollektiv formalaşacaq.
Komandaya həm təcrübəli, həm gənc, həm də legioner futbolçular cəlb edəcəyik. Göstərilən etimada görə klubun yeni rəhbərliyinə təşəkkür edirəm".
40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. E.Abdullayevin son iş yeri II Liqanın son çempionu "Şahdağ Qusar" komandası olub.

