Premyer Liqanın astanasından geri dönən «Mingəçevir»də vəziyyət yenidən kritikləşib.
Komanda üzvləri toplu və fərdi şəkildə AFFA-ya müraciət edib.
«İşıqçılar» klub rəhbərliyi tərəfindən aldadıldıqlarını, aylardır maaşlarınıın verilmədiyini bildiriblər.
Şikayətçilər bu problemin araşdırılmasını, müvafiq şəxslərin cəzalandırılmasını, hətta klubun I Liqada iştirak haqqından məhrum edilməsini istəyiblər.
Onlar qeyd eləyiblər ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən «Mingəçevir» lisenziya almamalıdır.
Adıçəkilən komanda bu mövsüm I Liqada ikinci yeri tutub. Hazırda bəhsdə olan Adnan Əhmədzadənin adamları tərəfindən idarə edilən «Mingəçevir» Premyer Liqaya vəsiqə uğrunda oyunda «Qəbələ»yə 0:2 hesabıyla uduzub.
Maliyyə böhranı isə daha öncə, ötən ilin sentyabrından bəri yaranıb. Nə vaxt ki Əhmədzadənin qoluna qandal vuruldu, klubun maddi dayaqları çökdü.
Bu ilin əvvəlində sözügedən iş adamının yaxın dostlarından biri «Mingəçevir»ə qahmar çıxsa da, görünən odur ki,işləri qaydasına salmaq mümkün olmadı.
Əks halda, indi belə kütləvi narazılıq baş qaldırmazdı.
SPORTİNFO.AZ

