I Liqada çempionluğun biraddımlığında olan «Şəfa» bu dəfə «Qarabağ»ın «qapısını döyüb».
Növbəti mövsümdən Premyer Liqa ailəsinə qoşulmağa ən real namizəd sayılan paytaxt təmsilçisi ev oyunlarını Suraxanı qəsəbəsində keçirə bilər.
«Ağ-göylər» bu məqsədlə «köhlən atlar»la danışıqlara başlayıb.
2023-cü ildə fəaliyyətini bərpa eləmiş klubun məqsədi «Qarabağ»la yanaşı, «Azərsun Arena»nın xidmətlərindən icarə əsasında yararlanmaqdır.
Əslində, bu, yeganə variant deyil. «Şəfa»nın bir gözü həm də «Polimer Arena»dadadır. Stadionun aid olduğu «Sumqayıt»la görüşmələr də keçiriblər.
Sadəcə, Bakıda yerləşmiş kollektiv hər gün Sumqayıta gedib-gəlməyə o qədər də isti yanaşmır. Həm məsafə uzaqdır, həm də gündəlik yol tıxacdır.
«Şəfa» rəhbərliyinin «Qarabağ»la münasibətləri bir köynək daha yaxındır.
Üstəlik, baş məşqçi Qurban Qurbanovla aralarından su da keçmir. Demək olar bütün məsələlərə görə ondan məsləhət alırlar.
SPORTİNFO.AZ

