I Liqanın 23-cü turunda gözlənilmədən «Şimal»a uduzan «Baku Sportinq»da təcili iclas keçirilib.
Klub rəhbərliyi Şamaxıdan 0:1 hesablı məğlubiyyətlə dönən məşqçi və futbolçu heyətini sərt tənqid edib.
Bildirilib ki, çempionatın aşkar autsayderinə yenilmək Premyer Liqaya yüksəlmək istəyən komanda adına biabırçılıqdır.
Son həftələrdə qeydə alınan nəticələrin onları razı salmadığı qeyd olunub.
Baş məşqçi Röyal Nəcəfovun diqqətinə çatdırılıb ki, onun üçün hər cür şərait yaradılıb, bütün istəkləri yerinə yetirilib, fəqət, ikinci yeri tutmaq uğrunda aparılan mübarizə bərbaddır.
Xatırladılıb ki, I Liqada ilk mövsümünü keçirən «Şimal» əslində həvəskar komandadır, həftədə 2-3 dəfə məşq edir, hazırlıq keçməyə yer tapmır, bir qarnı ac, bir qarını tox oyunlara çıxırlar, «Baku Sportinq» isə bütün bu problemlərdən azaddır.
Əlqərəz, kollektivə «sizin üçün etdiklərimiz burnunuzdan gəlsin» sözündən başqa hər şey deyilib. Heyətdən son 4 turda maksimums nəticə tələb olunub.
Buzovna təmsilçisi 23 tura topladığı 41 xalla turnir cədvəlinin dördüncü pilləsində yerləşib.
Reqlamentə əsasən, ilk yerini sahibi birbaşa Premyer Liqaya vəsiqə alacaqsa, ikinci sıranı tutan iştirakçısı elitanın 11-cisi ilə pley-off qarşılaşması keçirəcək.
SPORTİNFO.AZ

