I Liqanın böyük maraqla gözlənilən qarşılaşması Mingəçevirdə keçiriləcək.
Turnir cədvəlinin lideri “Şəfa” səfərdə çempionluq iddiasında olan “Mingəçevir”in qonağı olacaq.
Komandalar arasındakı intriqanı hiss etmək üçün ilk iki dövrədəki oyunların gedişatına və yaşananlara nəzər salmaq kifayətdir.
Noyabrın 5-də işıqlar şəhərində baş tutan ilk qarşılaşma gərginliyi ilə yadda qalmışdı.
Meydan sahibləri 32-ci dəqiqədə hesabı açmış, 2 dəqiqədən sonra qonaqlar status-kvonu bərpa etmiş, fasilə ərəfəsində Tərlan Quliyev penaltini dəqiq yerinə yetirməklə yerli azarkeşləri məyus etmişdi.
80-ci dəqiqədə “Mingəçevir”in bərabərlik topu stadiondakı 1000-ə yaxın azarkeşi ayağı qaldırmasına baxmayaraq, hakimin əsas vaxta əlavə etdiyi 1-ci dəqiqədə Amir Ebrahimzadə bakılılara 3 xal qazandıran qolun müəllifinə çevrilmişdi.
Baş hakim İslam Məmmədov məşqçi və futbolçuları sakitləşdirmək üçün əlini 8 dəfə sarı, 1 dəfə qırmızı vərəqə üçün cibinə atmaqla “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədovu texniki zonadan qovmuşdu.
Fevralda Binə qəsəbə stadionunda keçirilənm növbəti görüşdə yaşananlar ilk matçda baş verənləri kölgədə qoymuşdu.
Oyuna ildırım sürəti ilə başlayan “Şəfa” 8 dəqiqə ərzində 2 qol vurmaqla stadiona toplaşanlarda asan qələbə fikrini yaratmışdı.
Lakin fasilədən sonra özünə gələn “Mingəçevir” ikinci hissənin gedişində fərqi azaltmış, meydana sonradan daxil olan Taleh Fərmanov 90+5-ci dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atmaqla meydan sahiblərinə şok yaşatmışdı.
Matç başa çatandan sonra “Şəfa”nın məşqçi və futbolçu heyətinin hakimin üzərinə şığıması, hazırda rəqib düşərgədə olan keçmiş futbolçuları Amil Yunanovla insident yaşaması qarşılaşmaya damğa vurmuşdu.
Baş hakim Emin Əliyev qonaq komandanın çalışdırıcısı Ramiz Məmmədovu texniki zonadan uzaqlaşdırmış, “Şəfa”nın üzvü Vüqar Həsənova “qırmızı” göstərmiş, 5 nəfər “sarı”dan boyun qaçıra bilməmişdi.
Hər iki oyunda verilən penalti və qırmızı vərəqə qərarları komandalar arasındakı intriqanı kifayət qədər “alovlandırıb”.
Turnir cədvəlindəki vəziyyət “Şəfa”nın işini rahatlaşdırır. Paytaxy təmsilçisi 19 oyundan sonra topladığı 45 xalla ilk pillədə yer alıbsa, “Səbail” və “Baku Sportinq”lə duellərdə vacib 5 xal itirən mingəçevirlilər 33 xalla liderdən 12 xal geri qalır.
Lakin bu, heç bir halda aradakı intriqanı soyuda bilməz. Söhbət “Şəfa”yla “Mingəçevir”in oyunundan gedirsə, ekran qarşısında əyləşməmək mümkün deyil.
Ortada Amil Yunanov amilinun olduğunu unutmayaq. Təcrübəli hücumçu “Şəfa”dan narazı ayrılaraq “Mingəçevir”in yolunu tutmuşdu ki, eks komandasına qarşı mübarizə aparması hər an “partlayış”ın mümkünlüyü deməkdir.
Aprelin 3-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 15:30-da çalınacaq.
Qarşılaşmanı Elvin Bayramov idarə edəcək.
HƏBİB / SPORTİNFO.AZ

