Çempionluğa oynayan Azərbaycan klubunda maliyyə problemi var? - AÇIQLAMA

16:00 I Divizion 236
Çempionluğa oynayan Azərbaycan klubunda maliyyə problemi var? - AÇIQLAMA

"Baku Sportinq" rəhbərliyi Premyer Liqaya birbaşa vəsiqədən əlini üzüb.

Bu barədə saytımıza Buzovna təmsilçisinin futbolçuları məlumat verib.

Redaksiyamızla əlaqə saxlayan oyunçular komandaya diqqətin azaldığını, maliyyə sarıdan sıxıntıların artdığını bildiriblər.

Onlara inansaq, məvaciblər əvvəlkitək vaxtlı-vaxtında ödənilmir, üstəlik, bir neçə oyunun mükafatı yığılıb qalıb.

Sportinfo.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov şikayətlərlə bağlı bunları dedi:

"Bizdə maaş və mükafatlarla bağlı heç vaxt gecikmə olmayıb. Bəlkə də Birinci Liqa klubları arasında ən stabil maliyyə "Baku Sportinq"dədir. Maaş gecikməsi, mükafatların vaxtında verilməməsi bizdə mümkün deyil.

Bu günə qədər belə hal yaşanmayıb. Baş məşqçi Röyal Nəcəfovla rəhbərlik arasında heç bir narazılıq yoxdur. Röyal Nəcəfovun baş məşqçi kimi ilk təcrübəsidir. Komanda onun rəhbərliyi altında 2 dövrədə cəmi 2 məğlubiyyət alıb. Uduzduğu rəqiblərdən biri "Şəfa", digəri də "Mingəçevir"dir. Hər ikisi iddialı klublardır. Büdcəsi bizim klubdan qat-qat çoxdur. İddiamız davam edir. Hədəfimiz çempionluqdur. Son tura qədər mübarizə davam edəcək".

I Liqada ikinci mövsümünü keçirən "Baku Sportinq" 19 tur ərzində 37 xal toplayıb. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan qəsəbə komandası lider "Şəfa"dan 8 xal geri qalır.

Reqlamentə əsasən, çempionatın qalibi Premyer Liqaya yüksəlir. İkinci yerin sahibi isə elitada 11-ci yeri tutmuş kollektivlə pley-offda üz-üzə gəlməlidir.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti