«Baku Sportinq» rəhbərliyi Premyer Liqaya birbaşa vəsiqədən əlini üzüb.
Bu barədə saytımıza Buzovna təmsilçisinin futbolçuları məlumat verib.
Redaksiyamızla əlaqə saxlayan oyunçular komandaya diqqətin azaldığını, maliyyə sarıdan sıxıntıların artdığını bildiriblər.
Onlara inansaq, məvaciblər əvvəlkitək vaxtlı-vaxtında ödənilmir, üstəlik, bir neçə oyunun mükafatı yığılıb qalıb.
Qeyd ediblər ki, de-fakto baş məşqçi olan Röyal Nəcəfova münasibətdə rəhbərliyin mövqeyi yekdil deyil, fikirlər bir müddət əvvəl haçalanıb. Onu istəyən də var, istəməyən də. Mövcud vəziyyət isə kollektivi ruhdan salıb.
I Liqada ikinci mövsümünü keçirən «Baku Sportinq» 19 tur ərzində 37 xal toplayıb. Turnir c\ədvəlinin ikinci pilləsində qərarlaşan qəsəbə komandası lider «Şəfa»dan 8 xal geri qalır.
Reqlamentə əsasən, çempionatın qalibi Premyer Liqaya yüksəlir. İkinci yerin sahibi isə elitada 11-ci yeri tutmuş kollektivlə pley-offda üz-üzə gəlməlidir.
SPORTİNFO.AZ

