I Liqada çıxış edən «Zaqatala»da ciddi maliyyə böhranı yaranıb.
Klub futbolçuları və məşqçiləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə çətinliklə üzləşib.
Artıq komanda üzvlərinə bu barədə məlumat verilib. Bildirilib ki, problemin ən azı 3 ay davam etməsi gözlənilir.
Mart, aprel və may ayları ərzində, yəni, mövsümün sonunadək maaşların tam ödənilməsi sual altındadır.
Əməkhaqlarının yarıbayarı aşağı salınması gündəmdədir. Oyunçuların nəzərinə çatdırılıb ki, qapı açıqdır - kim istəsə, elə bu gün düşərgəni tərk etməkdə sərbəstdir.
Məsələ ondadır ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilib.
Demə, TƏBİB-in əsas fiquru bu mövsümdən etibarən I Liqa klubuna maliyyə dəstəyi verirmiş. Amma rəsmi qaydada yox.
O, adının ictimaiyyətdə hallandırılmaması şərtiylə hər ay doğma rayonunun komandasına maddi vəsait ayırıb. İndi isə Qurbanov əyalət təmsilçisinə ianə ayırmağı dayandırıb.
V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi. İctimai-siyasi mediada yayılan xəbərlərə görə, o, TƏBİB-də aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib.
Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara 2025-ci ilin sentyabr ayında başlayıb.
SPORTİNFO.AZ

