Xalası oğlu ilə sözü düz gəlmədi, prezident postunu boşaltdı - Ayrılığın pərdəarxası

14:20 I Divizion 215
Xalası oğlu ilə sözü düz gəlmədi, prezident postunu boşaltdı - Ayrılığın pərdəarxası

I Liqada mübarizə aparan “Şəfa”nın rəhbərliyində gözlənilməz istefa baş verib.

Klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.

O, buradan ayrılmasına səbəb kimi strategiya ilə bağlı fikir ayrılığını göstərib, konkret danışmayıb.

“Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisi Premyer Liqaya ən yaxın namizəddir.

Hər halda güclü maliyyə dayaqları və geniş heyətləri var. Şərait yaxşıdır, bağladıqları müqavilələr elita səviyyəsinə yaxındır.

S.Salmanzadə 2 il öncə klubu himayəsinə götürmüş holdinqə bağlı biridir. Həmin şirkətin başında dayanan şəxs onun xalası oğludur.

“Şəfa”nın onların sərəncamına keçməsi Salmanzadənin vasitəsilə baş verib. Sərdar bəyin özü keçmiş futbolçudur, vaxtilə bu klubun formasını geyinib.

Prezident postuna təyinatı da qohumları ilə müqayisədə futbola bir köynək daha yaxın olmasıyla əlaqədardır.

Bir müddət əvvəl onunla xalası oğlunun çevrəsindəki şəxslər arasında problemlər yaranmağa başlayıb. Komandayla əlaqəli söylənilən kənar fikirləri işinə müdaxilə kimi qiymətləndirib.

Bir neçə dəfə buna etirazını bildirib, sadəcə, təzyiqlərin artmasını görərək, postunu tərk edib.

Sərdar Salmanzadə Elgiz Kərəmlinin baş məşqçi postunda qalmasına tərəfdar olub. Məhz onun təkidi sayəsində gənc mütəxəssis hələ də sükan arxasındadır.

O, Premyer Liqaya aid planlar hazırlayıb. Legionerlərə «yaşıl işıq» yandırılmasına israr eləyib. Qohumunu inandırmağa çalışıb ki, komandaya əcnəbilər futbolçular cəlb etmədən elitada heç bir müsbət nəticə qazanmaq mümkün deyil.

Di gəl, tutduğu mövqe üst çevrə tərəfindən dəstəklənməyib. Bir sözlə, görüb ki, sözü keçmir və onu burada yalnız «quru bəy» olaraq görmək istəyirlər, üzüsulu ayrılmağı üstün tutub.

SPORTİNFO.AZ

Azərbaycanda görünməmiş olay! Klub prezidenti başqa komandada meydana çıxdı, 5 qol vurdu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti