Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi “Zaqatala“da ciddi narahatlıq yaradıb.
Bu da səbəbsiz deyil.
Demə, TƏBİB-in əsas fiquru bu mövsümdən etibarən I Liqa klubuna maliyyə dəstəyi verirmiş. Amma rəsmi qaydada yox.
O, adının ictimaiyyətdə hallandırılmaması şərtiylə hər ay doğma rayonunun komandasına maddi vəsait ayırıb. İndi isə əyalət təmsilçisində belə bir təlaş var ki, Qurbanov ianəni dayandıracaq.
V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi. İctimai-siyasi mediada yayılan xəbərlərə görə, o, TƏBİB-də aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib.
Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara 2025-ci ilin sentyabr ayında başlayıb.
SPORTİNFO.AZ


