“Premyer Liqanın oyunlarını izləyirəm.
İlk turdan deyirəm ki, bəzi komandalarda bəzi legionerləri Azərbaycana dəvət etməyə ehtiyac yoxdur”.
Bu sözlər Sportinfo.az-a açıqlama verən “Şəfa”nın kapitanı Tərlan Quliyevə məxsusdur.
Uzun illər Premyer Liqa klublarının şərəfini qoruyan, Azərbaycan çempionu adını qazanıb, ölkə kubokunu başı üzərinə qaldıran 33 yaşlı müdafiəçi Premyer Liqadakı vəziyyətdən söz açıb.
Quliyevi narazı salan məqam səviyyəsi aşağı olan xarici futbolçuların Azərbaycana dəvət olunması, əvəzində yerli oyunçuların kənarda qalmasıdır.
Dinləyək:
“Sizi inandırım, I Liqada elə futbolçular var ki, Premyer Liqadakı bəzi legionerlərdən üstündür. Ən pis halda onlarla eyni səviyyədədir. Ancaq elita klubları onlara ehtiyac duymur.
Bildiyim və illərdir eşitdiyim bir şey var, xaricdən oyunçu gətirirsənsə, yerli futbolçudan azı bir baş üstün olmalıdır. Legioner azərbaycanlı ilə eyni səviyyədə olacaqsa, ona nə ehtiyac var?
I Liqada da həmin vəziyyətdir. Bəzi əcnəbilərin səviyyəsi həqiqətən yüksəkdir. “Mingəçevir”də, “Cəbrayıl”da, “Səbail”də elə legionerlər var ki, bacarığına görə seçilir. Lakin bəziləri yerli uşaqlardan da zəifdir”.
Azərbaycan millisinin sabiq üzvü “Neftçi”nin heyətində 3 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.
“Qarabağ”da 1 dəfə Premyer Liqanın “qızıl”ını bayram edib, “Keşlə”də (indiki “Şamaxı”) 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB

