“Karvan-Yevlax”ın Premyer Liqaya vəsiqə qazanmasında Emil Qasımovun rolu az olmadı.
Vurduğu 15 qolla komandasının ən məhsuldar futbolçusuna çevrilən 25 yaşlı hücumçu I Liqanın bombardirlər yarışında 1 qolla yalnız “Qəbələ”li Domi Massumodan geri qaldı.
Düşünmək olardı ki, aran təmsilçisi forvardın xidmətindən istifadə etməkdə davam edəcək və Emil yenidən Premyer Liqada top qovacaq.
“Karvan-Yevlax” Qasımovu göndərib hücum xəttini başqa futbolçularla gücləndirsə də, hələ ki, məhsuldarlıq baxımından lazımi effekti ala bilmir.
Azər Həşimovun çalışdırdığı kollektiv 9 turdan sonra vurduğu 6 qolla “Kəpəz”lə birlikdə ən zəif məhsuldarlıq göstərən iki komandadan biridir.
Görəsən, Emil keçmiş komandasının oyunlarını izləyir? Yayda göndərilməsəydi, elitada da rəqib qapıçılar üçün arzuolunmaz hücumçuya çevrilə bilərdi?
Səbəbkarın dilindən eşidək:
“İmkan daxilində “Karvan-Yevlax”ın oyunlarını izləməyə çalışıram. Onlara uğurlar arzulayıram.
Ötən mövsüm bu komandada çıxış etmişəm. Həmin heyətlə yaxşı işlər görməyə çalışırdıq, kollektiv şəkildə xoş təsir bağışlayırdıq.
Sualınıza belə cavab verə bilərəm. Ötən ilki performansı Premyer Liqada göstərə bilsəm, hazırda “Karvan-Yevlax”dakı hücumçulardan heç də geri qalmaram”.
Yayda bölgə təmsilçisini I Liqanın iddialısı “Səbail”ə dəyişən ucaboy forvard cari mövsümdə meydana çıxdığı 6 oyunda 1 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

