
«Baku Sportinq»in baş məşqçisi Elman Sultanov bu yay komandaya dönən Röyal Nəcəfovu ittiham edib.
İki ildir Buzovna təmsilçisinin sükanı arxasında dayanan mütəxəssis adıçəkilən hücumçu «bilirəm, sən bura mənim «torba»mı tikməyə gəlmisən» söyləyib.
Hadisə təklikdə baş verməyib. Çalışdırıcı bu sözü kollektivin içində ona söyləyib.
Bu fakt göstərir ki, Nəcəfov Sultanovun istəyi ilə «Baku Sportinq»ə qayıtmayıb. O, birbaşa klub rəhbərliyinin təkidi ilə komandaya qoşulub.
İdarəçilər Röyalı 2023-cü ildən tanıyır. Həmin vaxt II Liqada debüt edən qəsəbə təmsilçisinin aparıcı simalarından biri də məhz sözügedən forvard idi.
Di gəl, baş məşqçi onu çempion olaraq I Liqaya vəsiqə qazanan heyətdə saxlamadı, yola saldı.
Düşərgədən gələn son xəbərlər komandanın parçalanması yönündədir. Elman Sultanovun dəstəsi bir, Röyal Nəcəfovun dəstəsi bir.
Funksionerlər seçim qarşısındadır. Böyük ehtimalla, çalışdırıcı ən qısa zamanda dəyişdiriləcək.
Artıq onun «sağ əli» bura ilə vidalaşmalı olub. Qapıçılar üzrə məşqçi Toğrul Əhmədovla müqaviləyə xitam verilib.
SPORTİNFO.AZ