
«Şahdağ»da aylardan bəri davam edən durğunluq başa çatıb.
II Liqanın çempionu bu gün yeni mövsümün hazırlıqlarına start verəcək.
Növbəti sezondan I Liqada mübarizə aparacaq Qusar klubu paytaxtda bir araya gələcək. Şimal bazası məkan olaraq «Neftçi»nin keçsmiş bazasına sığınıb.
Sponsor məsələsi? Bu problem böyük ölçüdə həllini tapıb.
«Azenko» ilə «Şahdağ» arasında 21 illik əməkdaşlıq başa çatıb. Şirkət Qusar klubunun təsisçiliyindən imtina edib.
Bu, elə-belə olmayıb. II Liqanın çempionu olan «Şahdağ»a yeni himayədar tapılıb.
AFFA-nın vasitəçiliyi və köməkliyi ilə ortalığa çıxan müştəri şimal təmsilçisinə sponsorluq etməyə razılaşıb. Nəticədə «Azenko» klubu hüquqi formada qarşı tərəfə təslim eləməyə okey verib.
«Şahdağ» 2004-cü ildən «Azenko»nun balansında idi. Adıçəkilən şirkətin «Azərenerji»nin ovaxtkı prezidenti Etibar Pirverdiyevə yaxınlığı hər kəsə bəllidir.
O, «Azərenerji»nin rəhbəri olduğu illərdə əyalət komandasına pis-yaxşı vəsait ayırıb.
AFFA «Şahdağ»ı 2017-ci ilin əvvəlində I Liqadan kənarlaşdırandan sonra Pirverdiyev maliyyə dəstəyini dayandırmışdı. Nəticədə klub 6 il fəaliyyətini dayandırmalı olmuşdu.
Yalnız 2023-cü ilin sentyabrında, AFFA-nın həmin dövrdə prezidenti olan Rövnəq Abdullayev Etibar Pirverdiyevlə şəxsmi münasibətlərindən istifadə edərək, «Şahdağ»ı futbol səhnəsinə qaytara bildi.
Komanda II Liqada keçirdiyi ikinci mövsümdə çempionluq qazandı və I Liqaya yüksəldi. Ancaq bu, Pirverdiyevi olduğu yerdən tərpətmədi, ümidləndirmədi.
SPORTİNFO.AZ