I Liqada debüt mövsümünü keçirən «Şahdağ»ın maliyyə dayaqları bir qədər də güclənib.
Qusar klubu üçüncü sponsorla anlaşıb.
Bu, Futbolun İnkişaf Fondunun (FİF) sayəsində mümkün olub.
FİF-in icraçı direktoru Tural Piriyev şəxsi əlaqələri hesabına şimal təmsilçisinin maddi təminatının daha da yaxşılaşmasına köməklik göstərib. Yaxın günlərdə yeni himayədarın adının açıqlanması gözlənilir.
2016-cı ildə fəaliyyətini dayandırmış «Şahdağ» 2023-cü ildə futbol səhnəsinə qayıdıb. Komanda ötən mövsüm II Liqanın çempionu olub və I Liqaya vəsiqə qazanıb.
Fəqət, «Azenko» gözlənilmədən klubun arxasından çəkilib və sponsorluq dəstəyini dayandırıb. Bundan sonra Rahid Əmirquliyev «Şahdağ»ın dağılmasına imkan verməyib.
Qusar futbolunun ən tanınmış siması prezident vəzifəsinə əyləşib və bütün məsuliyyəti öz üzərinə götürüb.
Əyalət kollektivi I Liqanın geridə qalan 7 həftəsində 10 xal toplayıb. Hazırda turnir cədvəlinin beşinci pilləsində qərarlaşıblar.
SPORTİNFO.AZ

