"Zirə" qayğıları

1 Yanvar 2020 18:00 Zirə 852
"Zirə" qayğıları

Premyer Liqada qış fasiləsi elan olunub. Turnir cədvəlinə əsasən, «Sumqayıt» və «Zirə»nin medallara yaxınlaşma şansları daha yüksəkdir.

Kubokda yarımfinala çıxmış kollektivlər üçün prioritet vəəzifələr aydındır: oyunçu potensialını gücləndirməklə ümumi baxışları tənzimləmək. «Sumqayıt» ümumən son illərdə formalaşmış kursunu bir qədər korrektə etməlidir.

Ümumi prinsiplərdə transferlər daha əsaslı və məqsədyönlü olmalıdır. Çünki Avropa arenasına çıxmaqla yanaşı, orada uğur üçün təməl qoyulmasa, milli çempionatda yüksək vəzifələrdən bəhs etmək mümkün deyil.

Bu məsələ həm də klubda inkişafın yeni mərhələsinin başlanğıcını qoya bilər. Mövcud heyət bunun üçün yetərli olmayacaq.

«Zirə» köklü və təsirli qərarlarının müvəqqətiliyinə nəzər salmalıdır. Təkcə vəsaitin xərclənməsi və sabit heyət quruculuğu deyil, işə konseptual yanaşmanın zamını yetişib.

Bu olmadan qərarlar elə builki məşqçi dəyişiklikləri kimi, dəyişkənliyi və nəticədə, qeyri-sabitliyi xarakterik problemə çevirəcək.

«Zirə»də çox maraqlı və müəmmalı dürüm var – son belə addım Samir Abasovun gedişidir. Bu islahatın davamı gəlməlidir. Mütləq surətdə və gecikmədən.

Abasovun sükan arxasından uzaqlaşdırılması qanayan yaranın tezliklə sağalacağını güman etməyə əsas vermir. Ondan qalan «yadigarlar»ı da tez bir zamanda düşərgədən uzaqlaşdırmaq gərəkdir.

Keçmiş baş məşqçi burada çalışdığı 1 ildən artıq müddətdə «Zirə»yə heç bir fayda vermədi. Yalnız özü və dostları üçün iş gördü. Etdiyi transferlərlə komandaya qurşaqdan aşağı zərbə endirdi. Yöndəmsiz və yarıtmaz futbolçu seçimi ilə büdcəni aşdı, ziyan vurdu.

Elvin Camalovdan savayı elə bir oyunçunun adını çəkmək olmur ki, deyəsən, hə, Samir Abasovun gətirdiyi filankəs «Zirə»nin gücünə güc qatdı. Yoxdur beləsi.

Qızı özbaşına buraxsan, ya keçələ ərə gedər, ya da kosaya. Samir Abasov da onun kimi. Klub rəhbərliyi ötən müddətdə ona tam sərbəstlik verdi, işinə qarışmadı, o da kollektivi böyrü üstə qoydu.

Zaur Həşimovun məşqçi bacarığı bundan sonra bilinəcək. Paralel olaraq iki istiqamətdə hərəkət etməlidir. Bir tərəfdən Abasovun transfer xətalarını aradan qaldırmalıdı, özü də səs-küyə səbəb olmadan.

Digər yandan isə yeni aldırdığı futbolçuların komandaya yarar verəcəyini sübuta yetirməlidir. Adrian Skarlatake, Cavid Hüseynov, Xulio Rodriges, Nfo Kqasvane kimi özünü lider sayanların olduğu kollektivə Ağabala Ramazanovu qəbul etdirmək…

Yeni baş məşqçi qaşı elə düzəltməlidir ki, vurub göz çıxarmasın.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!