"Qarabağ"dan qorxmaq? Niyə qorxmalıyıq ki?"

18 Sentyabr 2019 00:28 Zirə 525
"Qarabağ"dan qorxmaq? Niyə qorxmalıyıq ki?"

"Sumqayıt"a qarşı oyun gərgin alındı. Sumqayıtda oynamaq bütün komandalar üçün çətin olur. Məğlub da ola bilərdik. Amma qələbə qolunu vurub, üç xalı qazandıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin qapıçısı Orxan Sadıqlı deyib.

Qapıçı "Sumqayıt"la oyunda komandasının vurduğu ikinci qolu belə şərh edib: "Düzdür, top Şafik Tiqrucanın əlinə dəymişdi. Sadəcə məsafə çox yaxın idi. Heç o özü də topu görmədi. Şafik bilərəkdən əllə oynamayıb. Oyundan sonra özündən soruşdum, topun əlinə dəydiyini bildirdi, amma bunu bilərəkdən etmədiyini söylədi".

Artıq üç turdur ki, "Zirə"nin əsas heyətində oyunlara çıxan Sadıqlı komandasının çıxışını dəyərləndirib:

"Çempionatın 90 faizi irəlidədir. "Zirə"nin həmişə hədəfləri olub. Bu il də belə olacaq. Yaxşı futbolçularımız var. Komanda olaraq, maksimum xallar toplamaq, Avropa Liqasına getmək və ölkə kubokunu qazanmaq istəyirik.

Qapıçı əsas heyətdəki rəqabət barədə də fikirlərini bildirib: "Mən artıq böyümüşəm. Var gücümlə məşq edirəm ki, komandama köməyim dəysin. Karyeramın ən çətin vaxtları keçən mövsüm oldu.

“Keşlə”də və “Sumqayıt”da olduğum dönəmi deyirəm. Bu komandalardan ayrılandan sonra klubsuz qaldım. Samir Abasov o vaxtı mənə inandı və komandasına dəvət etdi.

İndi oyunumla Samir müəllimə və komandama kömək etmək istəyirəm. Çalışacam əsas heyətdə yerimi qoruyum.

Ancaq bu futboldur, sabah Boyan Zoqoviç də oynaya bilər, Abdulla Seyidəhmədov da. Onlar həm yaxşı insan, həm də yaxşı qapıçılardı. Aramızda sağlam, dostcasına rəqabət var".

26 yaşlı qapıçının dediklərinə görə, "Zirə" Premyer Liqanın beşinci turu çərçivəsində "Qarabağ"la oyunda meydana qələbə üçün çıxacaq:

"Qarabağ”ın adından və oyunundan danışmağa ehtiyac yoxdur. Hamımız bilirik ki, onlar son illərin dəyişməz lideridirlər. Ancaq "Qarabağ" da məğlubedilməz deyil. Həmin oyuna da üç xal üçün çıxacağıq.

Hədəfimiz dəyişmir. "Qarabağ"dan qorxmaq? Xeyr, qətiyyən. Niyə qorxmalıyıq ki? Hər nəticə ola bilər. Əsas odur ki, oyuna yaxşı hazırlaşaq. Mənə elə gəlir, çox maraqlı oyun olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti