Bütün gözlər onlarda - İntriqanın səbəbi nədir?

5 Fevral 2023 14:40 Zirə 619
Bütün gözlər onlarda - İntriqanın səbəbi nədir?

Premyer Liqanın 21-ci turunun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq.

Bu gün avrokuboklara vəsiqəyə iddia edən iki komanda “Zirə”ylə “Qəbələ” üz-üzə gələcək.

Komandaların adı ciddi intriqa və prinsipiallıqdan xəbər verməsə də, çempionatın turnir cədvəlindəki hazırkı durum oyunun hansı məcrada keçəcəyini təxmin etməyi asanlaşdırır.

*

UEFA Azərbaycan klublarına yayda beynəlxalq arenalarda iştirak etmək üçün cəmi 4 bilet verir. Həmin biletlərdən 3-nün sahibi artıq indidən böyük ölçüdə məlumdur. Dünya öz oxu ətrafından çıxmasa, “Qarabağ” Çempionlar Liqasında, “Sabah”la “Neftçi” Avropa Konfrans Liqasında çıxış edəcək.

Yerdə qalan bir vəsiqəyə zirəlilərlə qəbələlilər, eləcə də ölkə kubokunda mübarizəni davam etdirən “Turan Tovuz”la “Səbail” iddia edir. Belədə “Zirə” ilə “Qəbələ” arasındakı rəqabətin ciddiliyini anlamaq çətin olmamalıdır. Yayda avrokuboklarda oynamaq istəyən komanda bu matçdan qələbə ilə ayrılmalıdır ki, şansını nisbətən yaxşılaşdırsın.

*

“Qartallar” 20 turdan sonra aktivinə 31 xal yazıbsa, bölgə təmsilçisində bu say 26-dır. Bu gün komandalar bir-birindən 5 xallıq fərq ayırır.

Bu, nə deməkdir? Bu, o deməkdir ki, “qırmızı-qaralar” Zirədə qələbəni bayram edəcəyi halda aradakı fərq 1-ə enəcək. Yox, 3 xala meydan sahibləri sevinsə, o zaman “Qəbələ” əsas diqqətini kubok yarışına ayırmaq məcburiyyətində qalacaq. Çünki Premyer Liqanın geridə qalan hissəsində 8 xalı “əridib” önə keçmək heç də asan olmayacaq.

*

Rəşad Sadıqovun çalışdırdığı kollektiv bütün diqqətini çempionata ayırıb. Bu fakt hansısa mənada zirəliləri təzyiq altında saxlayır. Məsələn, bölgə təmsilçisinin ehtiyatında kubok mübarizəsi də var deyə, bu oyundakı təzyiq rəqibindəki qədər olmayacaq. “Zirə” uduzsa və ya xal itirsə, istər-istəməz daxildə müəyyən gərginlik yaranacaq, həyəcan baş qaldıracaq. “Neftçi”nin ardınca növbəti əsas rəqibə uduzmağın bədəli ağır ola bilər. “Qəbələ” isə, qeyd etdiyimiz kimi, çempionatın başını buraxıb kubokdan ikiəlli yapışacaq.

*

Hər iki komandanın heyətində ciddi itkilər nəzərə çarpmaqdadır.

Meydan sahibləri “Neftçi”ylə görüşdə qırmızı vərəqə alaraq meydandan qovulan Vild-Donald Geryenin xidmətindən yararlana bilməyəcək. Geryenin komandaya yeni qoşulduğunu və hələ də komandaya tam uyğunlaşmadığını nəzərə alsaq, Sadıqovun onun boşluğunu doldurmaq üçün çox əziyyət çəkməyəcək.

Lakin eyni sözləri Elmar Baxşıyevə aid etmək olmur. Rəhbərlik etdiyi komandada birdən-birə iki mərkəz müdafiəçisi – Ruan Renato ilə Murad Musayev olmayacaq. Çempionatboyu arxa xəttin mərkəzində əsasən bu ikiliyə güvənən Baxşıyev vəziyyətdən çıxış yolu tapmaq üçün baş sındırır. Biri Ürfan Abbasov olacaq, bəs, digəri?

Fevralın 5-də baş tutacaq “Zirə” – “Qəbələ” oyunu saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"