Rəşad Sadıqovun intizamı və tələbi - O DƏYİŞMƏZDİR!

30 Noyabr 2022 14:40 Zirə 466
Rəşad Sadıqovun intizamı və tələbi - O DƏYİŞMƏZDİR!

Rəşad Sadıqov çempionatın lideri önünə 8 yerli futbolçu ilə çıxdı.

"Adam şir ürəyi yeyib" demək istəyirəm.

«Qarabağ» kimi səviyyəsi Premyer Liqanın xeyli üstündə rəqiblə üz-üzə gəl, üstəlik, səfərdə oyna və belə bir riskə get…

İxtiyarında 9 legioneri olan hansı başqa məşqçi bunu edər, bilmirəm. Hər halda Rəşad Sadıqov özündə bu cəsarəti tapdı və oyunun tamamı onu yanıltmadı.

O, yalnız son 4-5 dəqiqədə əvəzetməyə gərək duydu və bu, «Qarabağ»dan 1 xal qoparmağa mane olmadı.

Fikrimcə, Rəşad Sadıqov müyyənləşdirdiyi «onbirlik»lə əcnəbi futbolçularına mesaj verdi. Onlardan razı qalmadığını demək istədi.

Həmçinin demək istədi ki. qış fasiləsində ondan sərt qərar gözləsinlər. Güman ki, gəlmələrin bir neçəsi elə gəldiyi yolla geri qayıdacaq.

Könlü balıq istəyənin balağı suda islanmalıdır. «Zirə» yeni ilədək dördürcü sıranı özündə saxlamağa çalışacaq.

Bu heyətlə daha artığını arzulamaq da imkansız və mənasızdır.

Komandanı indi olduğu yerə gətirən məşqçi əməyidir. Rəşad Sadıqovun oyun intizamı və tələbi dəyişməzdir - o, futbolçularından, sadəcə, tapşırıqlarını yerinə yetirilməsini, özlərindən «Amerika açmamasını» istəyir. Pir onundur, kəramətinə bələddir.

Əlbəttə, icraçı kontingentin səviyyəsi nisbətən yüksək olsa, «Zirə» büsbütün başqa havaya girər, qarşısındakının adına, iddiasına baxmadan topa hökm edər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti