«Zirə» cari mövsüm də medallara iddia edir.
Planları bu istiqamətdə qurublar. Bütün xırdalıqları nəzərə alıblar. Hakimlikdən savayı.
Əsas problem aktuallığını qorumaqdadır. Üçüncü ildir belədir.
Rəşad Sadıqov hazırkı iş yerində fəaliyyətə başlayandan bəri alovlanan hakim qərəzi hazırda da «Zirə»ni yandırıb-yaxmaqda davam edir. Heç azalmadı. Hətta artdı.
Bu, bir antipatiya deyil. Heç şübhəsiz, təsadufdən də yaranmayıb. Sifarişi verənlər AFFA-da əyləşib. Və onlar o «şüşəbənd»i tərk etməyənə kimi bu kampaniya bitməyəcək.
Elçin Məsiyevin pis hakim olduğunu demirəm. Sadəcə, o, «dalğanın içindədir». AFFA-nın hansı məşqçini «yıxmaq» istədiyini bilən hakim kimi aparır özünü.
Ondan əksər klublar narazıdır, lakin heç biri «Zirə» qədər haqlı deyil.
Məsiyev ilk hissədə «Sabah»ın lehinə penalti təyin edə bilərdi, etmədi. Dmitrios Çantakiasın cərimə meydançası daxilində Davit Volkova qarşı hərəkətini penalti olaraq qiymətləndirsəydi, heç kim ona heç nə deməzdi.
Coşqun Diniyevə göstərdiyi ikinci sarı vərəqə isə… Bununla oyunun içinə lap gül qoydu.
Aleksey İsayevin onu üçüncü dəfə darıtb yerə yıxmasına etiraz edən Coşqun Diniyevin narazılığını normal hakim anlayışla qarşılayırdı.
Oyunun son dəqiqələri gedir, «Zirə» hesabda geridədir və digər komanda yoldaşları kimi, Diniyev də əsəbidir - onun ruh halını başa düşmək üçün heç hakim də yox, sadəcə, sayğılı adam olmaq yetərli idi, Məsiyev özünü o yerə qoymadı.
Coşqun «Zirə»nin formasını geyinir deyə.
KAMİL

