"Qarabağ"dan erkən vida, yoxsa yeni başlanğıc?

28 Avqust 16:40 Qarabağ 1 271
"Qarabağ"dan erkən vida, yoxsa yeni başlanğıc?

“Qarabağ” Avrokuboklarda 12 ildən sonra bu qədər erkən mübarizəni dayandırdı. Liqa mərhələsində iştirak etmək mümkün olmadı. Təbii ki, bu nəticə hamımızı məyus edir. Çox istərdik ki, “Qarabağ”ı yenə Avropa səhnəsində, ən azı qışa qədər izləyək. Amma olmadı.

Təəssüf ki, bu nəticəni fürsət bilib yenidən “Qarabağ”a hücuma keçənlər də var. “Qurban Qurbanov bitdi”, “Qarabağ bitdi” deyənlər, hətta bir eranın başa çatdığını düşünərək buna sevinənlər var.

Əslində, bunlar bizə tanış fikirlərdir. Arxada qalan illərdə də bunu dəfələrlə görmüşük. İlk məğlubiyyətdən sonra “Qarabağ”a yönələn yersiz iradların, sərt tənqidlərin sayı az olmayıb.

Ona görə də bu söhbəti çox uzatmadan keçək mətləbə.

"Tvente" ilə oyundakı nəticə zahirən hamımızı məyus edə bilər. Komanda Avrokuboklardan kənarda qaldı. Amma bir qədər soyuq başla düşünəndə, bəlkə də bu nəticə “Qarabağ” üçün daha faydalı olacaq kimi gəlir.

Niyə?

Çünki qarşımızda yenilənən bir komanda var.

Qurban Qurbanov uzun illərdir “Qarabağ”dadır. 2008-ci ildə komandaya gələndən sonra ilk dəfə bu miqyasda yenilənmə həyata keçirmişdi. Aradan 18 il keçəndən sonra “Qarabağ”da yenə belə böyük dəyişiklik baş verir.

Heyətin əsas futbolçuları gedib, onların yerinə 10-dan çox legioner transfer olunub. Kifayət qədər böyük rəqəmdir. Həmin futbolçuların komandaya və ölkəyə uyğunlaşması, Qurban Qurbanovun sisteminə adaptasiya olması üçün zamana ehtiyac var.

Digər tərəfdən, zədəli futbolçular da var.

Təsəvvür edin, “Qarabağ” Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazansaydı nələr baş verəcəkdi?

Güclü rəqiblər, uzaq səfərlər, üç gündən bir oyunlar və paralel olaraq daxili çempionatdakı mübarizə...

Bu indiki halda komanda üçün həm fiziki, həm psixoloji, həm də mental baxımdan əlavə yük olacaqdı.

Komandanın normal məşq etməsi və yeni futbolçularla sistem üzərində işləməsi üçün demək olar ki, vaxt qalmayacaqdı.

İndi isə Avrokubok mübarizəsi yoxdur.

“Qarabağ” bütün diqqətini Premyer Liqaya yönəldə bilər. Qurban Qurbanovun komandanı öz sisteminə, öz futbol fəlsəfəsinə daha dərindən uyğunlaşdırması üçün həftə ərzində daha çox məşq etmək imkanı olacaq. Yeni transferlərin adaptasiyası sürətlənəcək, zədəli futbolçular geri dönəcək və komanda getdikcə daha yaxşı vəziyyətə gələcək.

“Qarabağ” Premyer Liqada çempion olaraq yenidən Avropa səhnəsinə, özü də Çempionlar Liqasına qayıda bilər. Üstəlik, çempion kimi Avrokuboklara yollanmağın üstünlükləri kifayət qədər çoxdur. Belə olan halda ən azı Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq üçün daha rahat imkanın olur.

Bu baxımdan “Qarabağ”ın Avropa ilə erkən vidalaşması uzunmüddətli perspektivdə onun üçün pis yox, əksinə, faydalı nəticəyə çevrilə bilər.

Bəlkə də bu gün “Qarabağ”ın sonu kimi təqdim edilən hadisə yeni “Qarabağ”ın başlanğıcıdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada