“İkinci hissədə hesabı açdıq.
Hər şey bizim xeyrimizə idi, sadəcə, son 20 dəqiqədə çətinliklə üzləşdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bense Varkonyi Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
Macarıstanlı legioner 1:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Son dəqiqələrdə ikinci qolu buraxmağımız çox üzücü oldu. Halbuki nəticə bizim xeyrimizə idi.
Ani diqqətsizlik qapımıza qolla nəticələndi. Əlavə vaxtda isə rəqib üstünlüyü tam ələ aldı.
Yekunda uduzduq. Təbii ki, məğlubiyyət üzücüdür. Artıq irəli baxmalıyıq”.
25 yaşlı futbolçu bir qədər zamana ehtiyac duyduqlarını vurğulayıb:
“Hər birimiz peşəkar futbolçularıq. Yeni gələnlər də komandaya mümkün qədər tez uyğunlaşmaq üçün çalışır.
Lakin bir qədər vaxta ehtiyacımız var. Futbol belədir, bir gün udursan, bir gün uduzursan... Təbii ki, uduzmağımızı heç kim istəməzdi”.
