“Qarabağ”ın dünən heyətinə cəlb etdiyi iki yeni transferə ödənilən təzminat məbləği məlum olub.
Sportinfo.az xəbər verir ki, bu haqda məlumat qol.az-a klubdan daxil olub.
Məlum olduğu kimi, Ağdam təmsilçisi nigeriyalı vinger Taofik İsmahil və almaniyalı hücumameylli orta xətt futbolçusu və həm də vinger olan Reda Xadranı heyətinə qatıb. Hər iki futbolçu komandaya hücum xəttini gücləndirmək üçün gətirilib.
Taofik İsmahil Polşanın “Qurnik” (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Onun üçün 1,2 milyon avro (2,5 milyon manat) təzminat ödənilib.
Nigeriyalı hücumçu karyerası ərzində Norveçin “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransanın “Loryan”, Belçikanın “Beveren” və Polşanın “Lex” klublarında da çıxış edib.
“Qarabağ”ın digər yeni transferi Reda Xadra isə Fransanın “Reyms” klubundan gəlib. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Xadra komandada 10 nömrəli forma ilə çıxış edəcək.

Saytımıza məlum olub ki, Reda Xadra üçün də 1 milyon avro təzminat ödənilib.
Dortmund “Borussiya”sının yetirməsi olan bu futbolçu daha əvvəl “Brayton”, “Birminhem”, “Şeffild Yunayted”, “Blekbern” və “Havr”ın da formasını geyinib.
O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.
