Biz “Paide”ni qiymətləndirərkən yalnız Estoniya çempionatı prizmasından baxmaq düzgün olmaz. Bu komandanın heyətində kifayət qədər təcrübəli futbolçular var. Xüsusilə hücumçu Henri Anyer uzun illər Almaniya, Şotlandiya, Norveç, Cənubi Koreya və digər ölkələrin çempionatlarında çıxış edib, Estoniya milli komandasının əsas üzvlərindən biri olub və beynəlxalq oyun təcrübəsinə malikdir. Mərkəz yarımmüdafiəsində çıxış edən Henri Ojamaa da karyerası ərzində Polşa, Şotlandiya, Almaniya, Sloveniya və digər Avropa ölkələrinin klublarında oynayıb, həmçinin uzun illər Estoniya millisinin formasını geyinib. Belə futbolçuların olması “Paide”yə təkcə keyfiyyət deyil, həm də böyük oyun təcrübəsi qazandırır. Buna görə də “Zirə”nin məğlubiyyətini yalnız sensasiya kimi qiymətləndirmək düzgün olmazdı. Rəqib kifayət qədər təşkilatlanmış, beynəlxalq təcrübəyə malik futbolçulardan ibarət və avrokubok səviyyəsində mübarizə aparmağı bacaran komandadır.
Rəşad Sadıqov da oyundan sonra bunu xüsusi vurğuladı. Onun sözlərinə görə, iki oyunun ümumi mənzərəsinə baxıldıqda növbəti mərhələyə yüksəlməyə daha çox layiq olan tərəf “Zirə” idi. Komanda kifayət qədər qol vəziyyəti yaratdı, lakin top ya dirəyə dəyirdi, ya qapıçı, ya da müdafiəçilər son anda təhlükəni dəf edirdi. Baş məşqçi məğlubiyyətin əsas səbəbini məhz realizasiya problemi kimi qiymətləndirdi.
SPORTİNFO.AZ
