“Sabah” Avrokuboklarda fantastik mövsüm keçirir. “Bayquşlar” ilk dəfə qatıldığı Çempionlar Liqasında ardıcıl dörd mərhələ adlayaraq Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmağı bacardı.
Buna görə Valdas Dambrauskas başda olmaqla bütün kollektivə əhsən düşür. Həqiqətən də çox çətin bir missiya uğurla yerinə yetirildi.
Qazanılan uğur “Sabah”a çox şey verəcək. Həm böyük pullar, həm də böyük nüfuz gətirəcək.
Artıq “Sabah” üçün yeni transferlər etmək də xeyli asanlaşacaq. Söhbət xüsusilə keyfiyyətli əcnəbi futbolçulardan gedir. Çünki bundan sonra yeni transferlərə “Çempionlar Liqasındayıq” kimi çox ciddi və cəlbedici bir təklif vermək imkanın olacaq.
Bu, bir klubun əlində ola biləcək çox böyük bir üstünlükdür.
Üstəlik, Çempionlar Liqasından gələcək böyük gəlirlər yeni transferlərə daha çox pul xərcləmək baxımından “Sabah” rəhbərliyinin əlini də gücləndirəcək.
Artıq yaxşı futbolçular “Sabah”a görə Azərbaycana gəlməyə daha həvəslə yanaşacaq.
Marketinq baxımından da “Sabah”ın bir neçə addım irəli gedəcəyini söyləmək mümkündür.
Amma bütün bunların fonunda narahat edən məqamlar da yox deyil.
Hazırda heyətdə olan futbolçuların Avrokuboklardakı əla performansı təbii ki, Avropa klublarının skautlarının diqqətindən kənarda qala bilməz.
Lepiniça, Mikels, Puxaç, Simiç, Raxmonaliyev və digər futbolçuların göstərdiyi yüksək performans mütləq yeni təkliflərə yol açacaq.
Belə olan halda həmin futbolçuları komandada saxlamaq heç də asan olmayacaq.
Burada həm maliyyə, həm də klub faktorları rol oynayacaq.
Avropadan gələn təkliflər maliyyə baxımından daha cəlbedici ola bilər.
Üstəlik, söhbət Avropanın orta səviyyəli klublarından gedirsə, onların adı və oynadıqları liqalar futbolçular üçün cəlbedici olur.
Necə ki, “Bazel” istədi və Maludanı apardı.
Yəni Avropanın orta səviyyəli klubları belə “Sabah”ın seçilən futbolçularını rahatlıqla öz heyətinə cəlb edə bilər.
Bu isə bir tərəfdən “Sabah”ın qazandığı uğurun göstəricisidir, digər tərəfdən isə komandanın gücünü qorumaq baxımından ciddi problemdir.
Əgər gedən futbolçuların yerinə keyfiyyətli yeni transferlərlə balansı qorumaq mümkün olmasa, bu, “Sabah”ın gücünün azalmasına gətirib çıxara bilər.
İkinci təhlükə isə ölkə çempionatı ilə bağlıdır.
Ötən mövsüm “Qarabağ”ın təcrübəsi göstərdi ki, iki cəbhədə mübarizə aparmaq heç də asan deyil. Xüsusilə Çempionlar Liqası ilə Azərbaycan çempionatı arasında balansı qorumaq çox çətindir.
Çünki Çempionlar Liqası adi turnir deyil. Burada sərf olunan enerji, itirilən fiziki və psixoloji gücü qısa müddətdə bərpa etmək bir çox hallarda mümkünsüz olur.
Deməli, “Sabah”ı qarşıda iki böyük təhlükə gözləyir.
Birincisi, uğurlu futbolçularını itirmək, ikincisi isə Çempionlar Liqasının yaratdığı böyük yükün fonunda ölkə çempionatında ritmi və balansı qorumaq.
XANOĞLAN/ SPORTİNFO.AZ
