“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Avropa futbol ictimaiyyətinin diqqətini cəlb etməkdə davam edir.
Sportinfo.az xəbər verir ki, Monakoda keçirilən püşkatmadan sonra Azərbaycan çempionunun gələcək rəqiblərinin nümayəndələri və həmin ölkələrin mətbuatı qarşıdakı oyunları dəyərləndirməyə başlayıb.
Turnirin debütantına münasibət isə fərqli olub - maraq və ehtiyatlı yanaşmadan tutmuş, məhz Bakı klubuna qarşı matçın ən asan görüşlərdən biri olacağına əminliyədək.
"Sabah” Çempionlar Liqasının əsas mərhələsində səkkiz oyun keçirəcək.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda evdə İspaniyanın “Barselona”, Dortmund “Borussiya”sı, İtaliyanın “Napoli” və Praqanın “Slaviya” komandalarını qəbul edəcək.
Bakı klubu səfərdə isə London “Arsenal”ı, “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” klubları ilə qarşılaşacaq.
Bakıya səfər edəcək Dortmund “Borussiya”sının reaksiyası xüsusilə diqqətçəkən olub. Almaniya klubunun baş direktoru Lars Rikken “Sabah”ı ayrıca qeyd edərək, Dortmund təmsilçisinin daha əvvəl heç vaxt Azərbaycan komandası ilə qarşılaşmadığını vurğulayıb.
“AEK və Sabah FK ilə daha əvvəl heç vaxt qarşılaşmadığımız iki komanda ilə oynayacağıq. Bunun özünəməxsus cəlbediciliyi var”, - Rikken bildirib.
“Borussiya”nın baş məşqçisi Niko Kovaç isə səkkiz rəqibin hamısından danışarkən komandasının “hər birinə çox ciddi yanaşacağını” vurğulayıb.
Almaniya klubunun rəsmi saytında “Sabah”la matç üçün səfər ayrıca “Xəzər dənizinə uzun səyahət” kimi xarakterizə olunub.
