Uzun illər Azərbaycan futbolunda Avropadakı əsas nəticələr deyildikdə, ilk ağla gələn klub “Qarabağ” idi.
İndi isə ikinci təmsilçimiz Çempionlar Liqasının liqa mərhələsindədir.
Bu, həm “Sabah”ın, həm də ümumilikdə, Premyer Liqanın qarşısında yeni standart yaradır.
Bundan sonra “Sabah” üçün ən çətin hissə başlayır. Çempionlar Liqasına düşmək böyük uğurdur, amma əsas mərhələdə Azərbaycan futbolunu təmsil etmək daha böyük məsuliyyətdir.
Bütün bunlardan əvvəl bir gecə yaşandı.
“Sabah”ın qarşısındakı rəqib təsadüfi komanda deyildi. “Hapoel Beer-Şeva” təsnifat mərhələsində “Villarreal”dan sonra Avropada ən yüksək pressinq intensivliyinə malik komandalar sırasında göstərilirdi.
Onların əsas xüsusiyyətlərindən biri top itkisindən sonra çox sürətli reaksiyadır: rəqibə vaxt və məkan verməmək, ilk ötürməni təzyiq altında saxlamaq və topu mümkün qədər tez geri qazanmaq.
Bu səbəbdən “Sabah” üçün əsas taktiki məsələlərdən biri yalnız hücum qurmaq deyil, pressinqdən çıxmaq idi.
“Sabah” ilk hissənin müəyyən epizodlarında bu təzyiq qarşısında çətinlik çəkdi. “Hapoel” xüsusilə topun “Sabah”ın müdafiə xəttində olduğu anlarda ön xətti aktiv şəkildə irəli ataraq quruculuğu pozmağa çalışırdı.
İsrail klubunun oyun ərzində topa daha çox sahib olması və ötürmə sayında ciddi üstünlük əldə etməsi də bunu göstərir.
“Hapoel”in 600-dən çox ötürmə etməsinə qarşı “Sabah”ın ötürmə sayı təxminən 300 civarında idi. Buna baxmayaraq, Azərbaycan klubu oyunun ən vacib məqamlarında rəqibin pressinqini qırmağı bacardı.
SPORTİNFO.AZ
