“Araz-Naxçıvan”ın legioneri Luka Dumançiç Sportinfo.az-a müsahibə verib.
27 yaşlı xorvatiyalı müdafiəçi komandasının “Neftçi”yə 0:5 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra sualları cavablandırıb.
- Böyük hesablı məğlubiyyəti nə ilə izah edə bilərsən?
- Belə oyundan və nəticədən sonra deməyə söz də yoxdur. İki fərqli hissə oldu. Birinci yarıda xarakter göstərə bilmədik və nəticədə qapımızdan ard-arda 4 top buraxdıq. Fasilədə toparlandıq, oyunu yaxşılaşdırdıq, əlverişli qol imkanları yaxaladıq, lakin qol vura bilmədik. Bu oyun göstərdi ki, daha çox işləməliyik ki, səhvlərimizi düzəldək.
- Sanki birinci qol sizi şoka saldı.
- Peşəkar futbolçularıqsa, şoka düşməməliyik. Bunu daha çox yol verdiyimiz mövqe səhvləri ilə əlaqələndirərdim. Rəqib pressinq edəndə topu uzaqlaşdırmaqda çətinlik çəkirdik. Topu özümüzdə saxlamaqla bağlı problem var idi ki, bunun nəticəsində “Neftçi” üstümüzə gəlir, təzyiqi artırırdı. Qapımıza oxşar qollar vurdular.
- 0:5-dən sonra baş məşqçinin paltardəyişmə otağında sizə dedikləri maraqlıdır.
- Baş məşqçi əsəbi və məyus idi. Bu da normaldır. Dedi, bu cür hesabla uduzmaq haqqımız yoxdur. Növbəti matçlarda bu yenilginin əvəzini çıxmalıyıq. Hər kəs üzərində daha çox çalışmalıdır.
HƏBİB
