Bəndəniz «Qarabağ»ın bundan da betər qara gününü təsəvvür eləmir, eləmək istəmir.
Fəxrəddinin müsibəti belə olmamışdı.
«Qarabağ» Qurbanovun iş başında dayandığı 18 il ərzində heç biri rəqibi önündə evdə bu cür aciz görünməmişdi. Bakıya daha kimlər gəlib-getməyib ki..!
«Real» və «Barselona»dan başqa Avropanın demək olar bütün nəhənglərinin yolu buradan düşüb.
«Qarabağ» kimə uduzubsa da, belə miskin və əlacsız təəssürat oyatmayıb, azarkeşinin qəlbini yaralamayıb. Dünən bu da oldu, yaşandı, amma bitdimi?
Qurban Qurbanov pozitivliyini qorumağa çalışdı oyundan sonra. Bir az səmimi gəlmədi etdiyi çıxış, söylədiyi fikirlər.
«Hər şey yaxşı olacaq» tipində verdiyi açıqlamaya özünün də inanmadığı qənaətindəyəm. Sanki sındırmaq istəmədi içindəki o qüruru.
Azarkeşin gözündə kiçilməmək üçün həmin cümlələri işlətdiyi qənaətindəyəm.
Təxmin edirəm ki, oyunun son dəqiqələrində, ondan sonrakı periodda, media önünə çıxana qədər beynində bu fikri aparıb-gətirib - istefa verim, ya verməyim.
Bu gün rəhbərliklə görüşüb, «bir müddətlik də olsa. İstirahətə ehtiyacım var» söyləsə, təəccübdən yerimdə donub qalmaram.
Mənim üçün gözlənilməz olmaz bu. Təbii refleks kimi qəbul edərəm.
ELNUR
