“Turan Tovuz” yayda klubla müqaviləsi başa şatan futbolçularla bağlı ayrılıq anonslarını verib.
Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok kimi oyunçularla sözləşmənin müddəti sonlandığından adları çəkilənlər qərb təmsilçisini tərk edib.
Bu ilin əvvəlində böyük ümidlərlə “Turan Tovuz”a cəlb olunan Coş Cinnellidən səs-soraq yoxdur. Edilən paylaşımların heç birində yola salınmasına dair xəbər yer almayıb.
İngiltərəli yarımmüdafiəçi gələndə 1,5 illik müqaviləyə qol çəkmişdi.
Məntiqlə, ya komandada olmalıdır, ya yollar qarşılıqlı razılıq əsasında ayrılmalıdır, ya da başqa kluba keçidinə dair razılıq əldə olunmalıdır.
Sportinfo.az xəbər verir ki, Coşla yanvarda bağlanan sözləşmə 6 ay+1 illik nəzərdə tutulub.
Yəni baş məşqçi Kurban Berdıyev 29 yaşlı oyunçunun xidmətinə ehtiyac duysaydı, 1 illik bənd qüvvəyə minəcəkdi.
Lakin təcrübəli mütəxəssis Cinellini komandasında görmək istəməyib. Və bu üzdən başa çatan müqavilə yenilənməyib.
Qısası, Coş Cinellini “Turan Tovuz”a heç nə bağlamır, azad agent statusu ilə təklifləri gözdən keçirir.
HƏBİB / SPORTİNFO.AZ
